Rəqəmsal valyuta bazarında mühüm gəlişmələr yaşanır. Belə ki, dünyada kriptovalyuta bazarının ümumi həcmi ilk dəfə 2 trilyon dolları keçib - bu, kriptovalyuta bazarı üçün indiyədək qeydə alınan rekord göstərici və mühüm psixoloji həddir.
Təkcə Bitkoinin bazar kapitallaşması 1,1 trilyon dolları keçib. Bitkoin son bir neçə ayda görünməmiş artım göstərərək son bir ildə 8 dəfə, ilin əvvəlindən bəri isə 2 dəfə bahalaşıb. Son bir ayda isə Bitkoinini qiyməti 50 min dollardan aşağı düşmür.
Artımın səbəbi kriptovalyuta bazarına təkcə fərdi investorların deyil, artıq müxtəlif fondların və iri şirkətlərin də vəsait yatırmasıdır. Bu, kriptovalyutaların etibarlılığına inamı artırır və onlara tələbatı daha da yüksəldir.
Artımın digər səbəbi bazar payına görə Bitkoindən sonra ikinci olan - "Ethereum”un sürətli bahalaşmasıdır. Son bir ildə bu kriptovalyuta 12 dəfədən çox artaraq 171 dollardan 2123 dollara yüksəlib. Onun bazar kapitalizasiyası isə 24 milyard dollardan 244 milyard dollara çatıb. Bu Bitkoin qədər olmasa da, onunla müqayisə olunan, eyni miqyaslı bir rəqəmdir.
İnvestorların kriptovalyutalara marağının artmasının daha bir səbəbi bir sıra məşhur şirkət və şəxslərin də Bitkoinə vəsait yatırması olub. Belə ki, fevralın əvvəlində İlon Maskın şirkəti "Tesla” 1,5 milyard dollarlıq Bitkoin alıb. Twitter sosial şəbəkəsinin rəhbərliyi isə işçilərinə əmək haqqını və partnyorlarına ödənişləri Bitkoinlə verəcəyini elan edib.
"Ethereum”un bahalaşmasına isə "Visa” ödəniş sisteminin qərarı səbəb olub. Bu sistem ilk dəfə olaraq "Ethereum”dan istifadə etməklə kriptovalyuta tranzaksiyaları həyata keçirməyə başlayıb.
Kriptovalyuta bazarını araşdıran ekspertlər də qeyd edir ki, son 6 ayda rəqəmsal paraya yatırımlarda 4-5 dəfə artım müşahidə olunur. Onların sözlərinə görə, artımın səbəbi insanların banklardan virtual pul vahidlərinə keçməsidir. Qeyd edək ki, artıq dünyada virtual pullar ödəniş vasitəsi kimi qəbul olunur. Bu ödəniş növləri cox sürətlidir, dünyanın hər yerinə öz virtual cüzdanınızdan kriptovalyuta göndərə və ya ödəniş edə bilərsiniz. Artıq bu sahəyə maraq pik nöqtədədir, böyük dəyişikliklər müşahidə olunur. Tesla şirkətinin Bitkoinə 1,5 milyard dollar yatırım etməsi, ödənişləri Bitcoinlə ilə alması bu sahədə mühüm bir mərhələdir. Digər məşhur şirkətlərin də eyni sistemə keçməsi Bitcoinə və blokçeyn texnologiyasına güvəni və marağı pik həddə çatdırdı.
Bəs görəsən, Azərbaycan Mərkəzi Bankı və Neft Fondu coinlərə maraq göstərirmi? DNF virtual paraya yatırım etməklə ehtiyatlarını artıra bilərmi? Bu sahədə risk, yoxsa qazanc imkanları daha çoxdur?
"Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, dövlət ehtiyatlarını kriptovalyutaya yatırmaq ehtiyatsızlıq olar: "Mərkəzi Bank açıqlama verdi ki, bu istiqamətdə araşdırmalara başlayıb. Kriptovalyuta bazarının inkişaf istiqamətini, Azərbaycanda tətbiqi imkanlarını və sairi öyrənməyə başlayıb. Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsinə gəlincə, ilk növbədə mövcud qanunvericilik indiki şərtlər daxilində bunun tətbiqinə imkan yaratmır. Neft Fondunun vəsaitlərinin idarə edilməsi konkret çərçivə sənədi əsasında həyata keçirilir. Yəni vəsaitlərin hansı aktivlərdə yerləşdirilməsi əvvəlcədən müəyyən edilir. Burada faktiki olaraq kriptovalyuta ilə bağlı məsələyə baxsaq, bunun arxasında hər hansı güc, struktur, iqtisadiyyat, hüquqi güc dayanmır. Bu gün çox cəlbedici investisiya aləti hesab edilsə də, bəzi hallarda ciddi revanşlar olsa da, böyük gəlirlərin əldə olunması mümkün olsa da, risklər çox yüksəkdir. Hələ bazarın formalaşması tam başa çatmayıb. Belə riskli alətlərdə ehtiyatların yerləşdirilməsi üçün hüquqi əsasların yaradılması belə qəbuledilməzdir. Bu müəyyən qədər ciddi gəlir yaratsa da, gəlirin qarşılığında risklər də böyükdür”.
R.Həsənov vurğuladı ki, kriptovalyuta bazarında çox ciddi boşluqlar olduğu qənaətindədir: "Bazarın inkişafını tam olaraq proqnozlaşdırmaq çətindir. Bir sıra mərkəzi banklar, hətta Avropa Mərkəzi Bankı, Federal Ehtiyat Sistemi və Britaniya, Yaponiya Mərkəzi Bankının bu istiqamətdə risklərlə bağlı çox ciddi xəbərdarlıqları da var. Onların hər birinin bu bazarı öyrənməsi və yeni kriptoların bazara emissiya edilməsi prosesi başlaya bilər. Hansı ki, o kriptoların ki, arxasında konkret mərkəzi banklar dayanacaq. Rusiyada bənzər bir kriptonun emissiyası baş tutdu. Bu bazarın tam formalaşmaması, burada əvvəlcədən orta və uzunmüddətli proqnozlaşdırmanı aparmanın mümkün olmaması Dövlət Neft Fondunun aktivlərinin bu sahəyə yatırılmaması üçün yetərli əsas kimi görülməlidir. Gələcəkdə isə Neft Fondu da bu istiqamətdə öz araşdırmalarını, təhlillərini aparıb bunu bir investisiya aləti olaraq nəzərdən keçirməlidir. Ancaq bu, uzunmüddətli dövr üçün keçərlidir. Çünki uzunmüddətli dövr blokçeyn texnologiyalarına əsaslanan kriptovalyuta dövrü kimi proqnozlaşdırılır. Bu aspektdən məsələni tam kəsib atmaq da doğru deyil. İndiki halda bu istiqamətdə investisiyanın edilməsi risklərlə nəticələnə bilər”.
Şərhlər