Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb?

Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb?

"Daimi yaşayış yeri olmayan şəxslər, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər. Hazırda sığınacağa 1 nəfərlə bağlı müraciət edilib”.

Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimayyətlə əlaəqlər və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin şəxs sığınacaqda göstərilən bütün xidmətlərlə əhatə olunacaq.

F.Talıbov qeyd edib ki, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı (50 nəfərlik) və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi (25 nəfərlik) mövcuddur:

"Hər ikisi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir. Kəskin soyuq hava şəraitində sığınacağa ehtiyacı olanlar da müasir tələblərə uyğun şəraitin olduğu bu müəssisələrə qəbul edilir və yaş səviyyələrinə uyğun sığınacaqlarda yerləşdirilirlər. Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, isti yemək və ehtiyac olduqda ilkin tibbi yardımla təmin olunurlar. Daxili işlər və yerli İcra Hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilərək, onların Sosial Sığınacağa yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. Yəni həmin qurumlar müvafiq şəxsin kimliyini müəyyən etdikdən sonra onun Sosial Sığınacağa yerləşdirilməsi ilə bağlı müraciət edirlər. Əgər şəxs özü sosial sığınacaqda yerləşmək üçün müraciət edərsə belə, onun sosial sığınacaqda yerləşməyə tələbatı olduğu halda onun müəssisəyə qəbul edilməsi təmin edilir. Burada müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin qanunvericilikdə nəzərdə tutulan müddətdə (180 gündən çox olmamaqla) yaşaması, onlara sosial-məişət və sosial-hüquqi xidmətlərin göstərilməsi üçün müasir tələblərə uyğun şərait yaradılıb”.

Onun sözlərinə görə, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsinə əsasən isə, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 8 yaşdan yuxarı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbul edilirlər:

"Uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Müraciət daxil olduğu gündən sonrakı 3 gün ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi, qohumları haqqında məlumatların təmin edilməsi üçün müvafiq orqanlara sorğular göndərilir, habelə sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə səhiyyə idarə və müəssiusələrinə müraciət edilir. Müvafiq sənədlərə baxıldıqdan sonra uşağın müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər”.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR