Bəzən bilmirsən, şəhərin "dərdini" çəkəsən, yoxsa kəndin? Şəhəryönümlüsən, yoxsa, kəndyönümlü?
Sizi bilmirəm, mən iki şəhərə aşiqəm: Mingəçevir və Bakı. Amma o şəhərləri çoxdan itirmişəm.
Bir də kənd vardı, yeddi-səkkiz yaşlarımadək o kənddə qayanın üstündə oturub ayaqlarımı sallayır, indiki Laçın aeroportuna tərəf baxırdım. O kəndi də itirdim. Oradakı insanların çoxunu, məsələn, uzaqdan yolyuxarı gəldiyini görən kimi qayadan düşüb qabağına qaçdığım, məni başının üzərinə qaldırıb havada fırladan, daim üzügülər, əziz Rəşid əmimi də. O isə sonra, birinci mühribədə kiçik oğlu Farizi itirdi...
Yaxın dostum deyir, bəsdir xatirələrlə yaşadın, bezdirmə, gerçəkliyə qayıt. Amma mən yenə o qayanın üstündə oturub Laçın aeroportuna tərəf baxdığım anları xatırlayıram, bir də "göydə ağ cızıqlar aça-aça" uçan təyyarələri. O vaxt yatsam, yuxuma da gəlməzdi ki, dünyaya gəldiyim, qayalarına dırmaşdığım Zülfüqarlı kəndinin bir neçə kilometrliyində, amma üzünü yalnız müharibədə gördüyüm Laçın dərəsinin yuxarısında beynəlxalq aeroport tikiləcək. Lap dağların arasında gizlənmiş quş yuvası kimi...
İndi "dəhliz" kimi xatırlanan o dərə-təpəni tərk etdiyimiz məğlubiyyət tarixinin acısını həmin gecə qərq olduğum leysan da yuya bilmədi. Od içində yanan Laçın dərəsindən çıxanlar üzüaşağı - Araza tərəf qaçırdılar, amma dağın o üzünə - Zülfüqarlıya keçə bilmirdilər. Dağlar keçilməz idi, yol yox idi. İndi isə tunelləri yara-yara dağlar arasındakı quş yuvasına çatdıq. Lakin mən orda yoxam, 1992-ci ilin leysan ələnən qaranlıq gecəsindən çıxa bilmirəm.
Bu axşamüstü yazıçı Şərif Ağayarın "Rəng mühəndisi" romanının təqdimatına getməliyəm. Həmişə onu görəndə həmin yağışlı gecəni xatırlayıb-xatırlamaması barədə soruşmaq istəmişəm, amma necəsə, nəcürsə, hər dəfə yadımdan çıxıb. Bu dəfə isə bilərəkdən soruşmayacam, belə gündə nə tarix, nə dəhliz, nə yağışlı gecə?
Məqsəd Nur
Şərhlər