Oktyabrın 25-i, Sürix şəhərində yazıçı Əli Əkbər özünün sonuncu “Die Kreuzung” (“Kəsişmə”) romanını təqdim edib.
Sürixin “Rost und Gold” sərgi salonunda keçirilən təqdimat mərasimində çıxış edən “KaMeRu” nəşriyyatının direktoru xanım Katarina Graf Mullis, qonaqlara roman haqqında qısa məlumat verib. O deyib ki, “Kəsişmə” romanı öz strukturu, dili və toxunduğu mövzuları baxımından avropalı oxucularda mütləq böyük maraq doğuracaq.
“Bizim nəşriyyatın tarixində ilk bu tipli roman çap olunur. Bu roman təkcə Azərbaycanla, İsveçrə ilə məhdud deyil. Yazıçı sanki geopolitik xalça toxuyub. “Kəsişmə” məni heyran etdiyi kimi, sizi də heyran edəcək. Qeyri-adi süjetə və sadəcə maraqlı, həyəcanlı hekayəyə hazır olun” deyə, xanım Graf Mullis bildirib.
Daha sonra romandan parçalar oxunub. İsveçrəli dinləyicilərin Azərbaycan dili haqqında təsəvvürlərinin yaranması üçün, əvvəlcə müəllifin öz dilindən bir passaj, ardından isə isveçrəli aktyor M. Stakkanellanın ifasında romanın müxtəlif hissələrindən fraqmentlər oxunub.
Təqdimatın sonunda yazıçı Əli Əkbər hazırda üzərində işlədiyi əsər haqqında da danışıb:
“Növbəti romana dair nəşriyyatla razılığa gəlmişik. Mövzusu haqda təəssüf ki, danışa bilmərəm. Mən özüm bundan sirr düzəltmirəm, amma məndən tələb olunan hələlik susmağımdır. Sizə deyim ki, Avropada qaydalar gözləmədiyim qədər sərtdir. Amma gələn il “Artuş və Zaur”u çap edəcəklər ki, fasilə yaranmasın, hər bir ildən-il yarımdan bir roman çap olunsun. 2016-cı ilin əvvəlində isə, indi haqqında danışa bilmədiyim yeni romanım nəşr ediləcək.”
“Kəsişmə”nin Azərbaycanda ehtimal olunan nəşri haqqında yazıçı qəti danışdı:
“Yox. Bu, mümkün deyil, çünki prinsip məsələsidir. Gələcək illərdə yazılacaq romanlar haqqında bir söz deyə bilmərəm, amma bu roman Azərbaycanda işıq üzü görməyəcək. Qoy bir dəfə də bu ölkənin tarixində bir yazıçı İsveçrədə, alman dilində roman nəşr etdirsin və Azərbaycanı heç düşünməsin. Ölkədə dörd milyon yazıçı, dörd milyon da şair var. Qoy bir-birlərini oxusunlar. Mən bu tusovkada yoxam. Bu, qətiyyən küskünlük, intiqam alma deyil, sadəcə qulaq burmasıdır. Qaldı ki, Azərbaycan və azərbaycanlılar olmadan da mən, mən olmazdım. Ona görə də bütün xeyirxahlarıma, mənə dəstək olan dostlarıma, ən ağır günlərimdə yanımda olan əzizlərimə çox şey borcluyam. Əgər ortada bir uğurum varsa da, bunu bütün varlığı ilə Azərbaycana bağlı olan dostum, sirdaşım Sübhana borcluyam. Həmçinin incəsənətin, ədəbiyyatın yüksəlişi naminə fədakarlıq edən dostum Yalçına borcluyam. Xüsusilə əzizim Orxanın adını qeyd etməliyəm – o mənim Bakıda görən gözüm, eşidən qulağımdır. Yəni, mənə Azərbaycandan və azərbaycanlılardan doğma, əziz heç nə və heç kəs ola bilməz. Bu romanın nəşri tək mənim uğurum deyil – həm də adlarını sadaladığım insanların uğurudur. Daha doğrusu onların bu əsərimin həmmüəllifləridir...”
“Die Kreuzung” (“Kəsişmə”) romanı noyabr ayının əvvəlindən İsveçrə, Almaniya və Avstriyada satışa çıxarılacaq. //Musavat.com
Şərhlər