Ölkə 15:12 18.10.2021

Lotu Quli mistikası: Ölümündən sonra rəqibləri bir-bir sıradan çıxır

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlindən sonra kriminal dünyada sanki bir mistika yaşanır. 

Qaynarinfo xəbər verir ki, Nadir Səlifov həyatda olmasa da, rəqibləri rahat nəfəs ala bilmir, bu və ya digər şəkildə sıradan çıxır. 

Lotu Quli 22 illik məhbəs həyatından sonra kriminal dünyanın bir nömrəli personasına çevrilmişdi. O, MDB məkanında ən güclü təsir imkanlarına malik "qanuni oğru” hesab edilirdi. Bu səbəbdən 2017-ci ildə azadlığa buraxılan Nadir Səlifov ölümünə qədər, yəni 3 il müddətində ən müxtəlif cəbhələrdən hücumlara məruz qalırdı. Xüsusilə, mərhum "qanuni oğru” Aslan Usoyanın varisi sayılan Zaxari Kalaşov (Şakro Molodoy) Lotu Qulini zərərsizləşdirmək üçün bütün gücünü ortaya qoymuşdu. Qarşıdurmaların çoxundan qalib ayrılan Nadir Səlifov nəhayət, xəyanət nəticəsində qətlə yetirildi. Hər halda Lotu Qulinin ən yaxın adamı tərəfindən öldürülməsi kriminal dünyada xəyanət kimi dəyərləndirilir.

Nadir Səlifovun ölümündən sonra rəqiblərinin meydan sulayacağı gözlənilirdi. Lakin bunun əksi baş verir. Onunla konfliktdə olan "qanuni oğru”lar bir-bir sıradan çıxır.

Hələ Nadir Səlifovun ölümündən bir həftə sonra onunla qarşıdurmada olan "qanuni oğru” Aleksey Solomatinin (Lyoxa Soloma) ölüm xəbəri gəldi. Solomatin "qanuni oğru” tituluna 2013-cü ildə Lotu Qulinin qardaşı və varisi Namiq Səlifovla (Namiq Bakinski) birgə layiq görülüb. Onun taclandırılmasında Nadir Səlifovun da müstəsna rolu olub. Sonradan Solomatin Lotu Qulinin gözləntilərini doğrultmayıb. O, Quli-Lənkəranski qarşıdurmasında ikili oynamağa üstünlük verib. Rövşən Lənkəranskinin əleyhinə olan qərara imza atan Solomatin sonradan onun klanına daxil olan Kaxa Qalski ilə görüşündə aldadıldığını bildirib. Bununla da nüfuzunu zədələmiş olub. 

Həbsdən çıxdıqdan sonra isə narkotik aludəçisinə çevrilən Solomatin artıq "qanuni oğru” kimi qəbul edilməyib. Onun hansı şəraitdə öldüyü barədə dəqiq bilgi yoxdur.


Aleksey Solomatin

Solomatindən sonra Lotu Quli ilə münasibətləri qaydasında olmayan daha iki "qanuni oğru” - 82 yaşlı Camal Şavladze (Çay) və 65 yaşlı Vladimir Zyatkov (Zyatok) dünyansını dəyişib. Şavladze müalicə aldığı xəstəxanada, Zyatkov isə şəxsi katerində qəzaya düşərək ölüb. 


Camal Şavladze

Zyatkovun Nadir Səlifova qarşı iddiaları barədə mediada çox yazılıb. O, Lotu Qulinin "qanuni oğru” tituluna şübhə ilə yanaşan kriminalitetlərdən olub. Ona görə də Qiya Kutaiski tərəfindən döyülərək "sxodka”dan qovulub. 


Vladimir Zyatkov

Daha sonra Lotu Qulinin əsas rəqibi "Şakro Molodoy"un sağ əli hesab edilən Kaxabera Parpaliya (Kaxa Qalski) Omskdakı istintaq təcridaxanasında dünyasını dəyişib. Rəsmi məlumatlarda onun ölümünə səbəb kimi beyin qan dövranının pozulması göstərilir. Lakin yaxınları rəsmi versiyaya inanmır. Onların fikrincə, Kaxa Qalski döyülərək öldürülüb. Məlumat üçün deyək ki, Parpaliya ümumrusiya "obşak”ına nəzarət edirdi. 

Kaxa Qalski Lotu Qulinin ən barışmaz rəqiblərindən idi. Aydındır ki, Şakro Molodoyla eyni cəbhəni bölüşən Qalskinin Nadir Səlifovu qəbul etməsi sadəcə mümkün deyildi. Lotu Quli də Qalskini "qanuni oğru” kimi qəbul etmirdi. Onun fikrincə, Qalski "portağaldır” (pul müqabilində "oğru” titulu alanlara deyilir). Nadir Səlifovun belə düşünməyə əsasları var idi. Qalski uzun müddət həbsdə olmamışdı. O, yalnız bir dəfə narkotik ittiham ilə həbs olunub. Bundan başqa, Nadir Səlifov hesab edirdi ki, Qalski "obşak”ın pullarını təyinatı üzrə xərcləmir. 


Kaxabera Parpaliya 

Kaxa Qalskidən sonra Lotu Qulinin daha bir rəqibi - Emzar Caparidze (Kvatiya) həyatdan köçüb. Ölüm səbəbi kimi koronavirus göstərilib. 

Caparidze "Quli-Çixladze” qarşıdurmasında ikincinin yanında yer alırdı. O, vaxtilə Tariel Onianinin (Taro) tərəfdarı sayılırdı. Lakin iddialara görə, sonradan Taroya xəyanət edib. Qisasçı adam kimi tanınan Tariyel Oniani isə onu evinə çağıraraq tərəfdaşı Merab Canqveladze ilə birgə döyüb.


Emzar Caparidze 

Ona görə də Ded Xasanla Taro arasında qarşıdurmanın kəskinləşdiyi vaxtda Caparidze ikincinin əleyhinə olan "proqon”a imza atıb. 

Beləliklə, göründüyü kimi Lotu Qulinin qətlindən sonra onun 5 rəqibi dünyadan köçüb. Kriminal dünyaya bələd olan şəxslər bu ölümləri təsadüfi saymır. 

Seyid