Könül Nuriyeva

Blogger
Yazılar
9
Lüğətdən silə biləcəyimiz anlayışlar...

Lüğətdən silə biləcəyimiz anlayışlar...

Könül Nuriyeva

Sosial ədalətsizlik nə bu günün, nə dünənin işidir. Feodalizmdən əvvəl ilk addımlarını atan sosial ədalətsizlik, ibtidai icma qurluşunun sonundan  başlayaraq yeyin addımlara keçdi. 

Və əsrlər boyu sosial ədalətsizlik mövzusu siyasətçilərə şöhrət qazancı, tarixçilərə özünü təsdiq imkanı, sadə insanlara isə baş tutmayacaq ümid verib.

Din isə cənnət vədinin ilk bəndinə bərabərlik sözünü yazıb...

Sosial ədalətsizlik ehtiyaclı olmaq deməkdir. Təkcə maddimi, təkcə şəxsiyyətin özünü bərabərhüquqlu hiss etmək haqqımı?

Düşünürəm ki, mütləq bunun bir ucu mənəvi tarazlığın pozulmasına gedib çıxır. Kasıb adamın, yaxud süni surətdə kasıblaşdırılan əhalinin özgüvəni nə dərəcədədir?

Adi ehtiyacını həll etmək üçün məmur idarələrində qaşqabaqlı davranışla üzləşən adamın mənəvi halı sabitdirmi, hər qarşılaşmadan sonra tarazlığı bərpa edə bilirmi?

Burada incə nüans da var: Avropa ölkələrində də bizdə olduğu kimi vəzifəli şəxs təkəbbür köynəyindədir? Hətta köynəyin düymələrini də xüsusi ədayla bağlayır? Sözləri söyləməkdən tutmuş jestlərinə qədər yuxarıdan aşağı baxmaq sindromuna yaxalanıblar?

Sosial ədalətsizliyin ilk təzahürü davranış anormallığıdır. Və bu, adi insanların mənəvi halında ləkələr yaradır; küskünlük, özünü yarımçıq hiss etmək. Deyim ki, belə valideynlər, yəni, gün ərzində əzilmiş valideynlər övladlarına inam, güclü olmaq aşılaya bilmirlər. Nəticədə şəxsiyyəti tam olmayan uşaqlar yetişir. Sosial ədalətsizlik gizli gedən xəstəlik kimi, cəmiyyətin uşaq üzündə illər sonra özünü göstərir. İnanmıram ki, böyük, toxunulmaz bildiyi valideyni birbaşa və dolayısıyla alçaldılırsa, uşaq bundan pis mənada təsirlənməsin.

İndi keçək, sosial ədalətsizliyin istehsal, inkişaf mərhələsinə. Çox istehsal, çox istehlak edib xoşbəxt yaşaya bilərik. Bu fikir uğurlu görünməyinə, görünür. Ama niyə istehsal adlı dadlı tortdan, iri şirkətlər daha böyük diş götürə bilirlər? Yerdə qalan qırıntılar kasıbların payına düşür. Sosial ədalətsizliyin maddi tərəfi hərəkətə keçir.
İşin pis tərəfi odur ki, inkişaf etmiş maddi rahatlıqdan harınlayan ailələr var. Ailədə varsa, cəmiyyət də artıq yoluxub. Bəs onda sosial ədalətsizlik ədalətli hala gəlibsə, maddi və mənəvi məsələlər güclü isqisadi inkişaf nəticəsində yoluna qoyulubsa, niyə ailələr, niyə cəmiyyət antik zamanların qızıl dövrünü yaşaya bilmir?

Belə olan halda, sosial ədalətsizliyi insan xarakterləriylə bağlasaq, çözümü burdan həll edə bilərikmi?

Uşaqlıqdan xüsusi təlim kursları keçən milyonlarla insan yetişdirə bilsək və onların beynindəki əsas düşüncə rahatlıq, pula həris olmamaq, minimalizm, incəsənətə sevgi, münasibətlərdə azadlıq, bilik və imtiyazı hər kəsin qazana biləcəyi, özünü yüksəkdə tutmamaq və s. olsa, bu, sosial ədalətsizliyi elə beşikdəcə boğmağa səbəb olmazmı?

Dinlər, ideologiyalar və hərəkatlar niyə bu yöndə çalışmır? Niyə ədalətsizliyin fərddən başlaması fikrini, uşaqlıqdan başlaması fikrini deyil, yuxarılardan, varlılardan, naməlum səbəblərdən yarandığı önə çəkilir?

Sosial ədalətsizlikdən danışırıqsa, ailə bağları və ya iqtisadi inkişafa xidmət kimi ilk baxışda zidd görünən, əslində isə vacib bağlılığa da diqqət edək. İT mütəxəssisi olan qız yaxşı əməkhaqqı alır, şirkətə xidmət edir. Birdən atası xəstələnir, qız ona qulluq etməlidir. Onun gəlirləri azalacaq, işdə fasilələrə yol verəcək, iqtisadi inkişafa, texnoloji inkişafa cüzi də olsa ziyan dəyəcək. Ama o, atasına baxmaq üçün başqa millətdən birini tapsa, belə olan halda həmin ölkənin iqtusadi inkişafı da müəyyən qədər irəliyə, yerli şirkətdəki iş qaydasıyla, valideyn də sabitliklə təmin olunacaq. Mənəvi, duyğusal yönlər kölgədə qalacaq. Ailə bağları zəifləyəcək, iqtisadi inkişafa təkan veriləcək.

Deməli, sosial ədalətsizliyin  bünövrəsində gəlirlərini iqtisadi inkişafa əliaçıqlıqla xərcləməyənlər durur. Üzü qədim tarixdən bəri şah, knyaz, din xadimləri və s. imtiyazlı vəzifə sahibləri pullarını saraylara, evlərə, müharibələrə sərf edərək, sosial ədalətsizliyi gücləndiriblər. Yaxud sərvət kimi yığıb saxlayıblar. İnsan təbiəti isə pulu, var-dövləti olduqca, özünü dünyanın, ölkənin ağası hesab etmək xüsusiyyətinə malikdir.

Mən həmişə təkbaşına cəhdlər edilməsinin tərəfdarı olmuşam, bunun uğurlu nəticələrinə inanmışam. Məsələn, sosial ədalətsizliyi qarğımaq yerinə, zehnini qurdalamaq, "Sid Meier' s Civilization" oyununu kəşf edən adam kimi davranmaq uğurlu deyilmi?

Oyunları sevməsəm də, araşdırdım. Niyə, məhz niyə bu oyun sahibinə vəsait qazandırıb, intelektli insanların marağına səbəb olub?

Oyunun məqsədi mədəniyyət yoluyla addımlamaqdır. Bir şəhərdən, həm də antik şəhərdən başlayan yolçuluqda sənə bu xüsusiyyətlər lazım olacaq:  əfsanəvi mədəniyyət haqda biliklər, diplomatik zəfər, kosmosa ən tez uça bilmək qabiliyyəti, dünyanı ələ keçirmək üçün taktiki gedişlər. Bunları bacarmaq üçün yeni əsərlər oxumalı, texnoloji biliklərə sahib olmalı, güclü ordu və iqtisadiyyat yaratmalı və şəhərlər qurmalısan.

Oyun zəkanın irəliləməsinə xidmət edir. Bitəndə sadəcə əyləncə zövqü yox, həm də itilənmiş şüur hissi yaşayırıq. Oyunun qurucusu isə pul qazanaraq, sosial ədalətsizlik anlayışını öz lüğətindən çoxdan silib...

OXŞAR XƏBƏRLƏR