Dünya 14:06 07.08.2020

Lukaşenkonun Putinə qarşı açıq və sərt çıxışlarının pərdəarxası (TƏHLİL)

"Belarusdakı hazırkı situasiya Rusiyanın daxilindəki gərginliyin də təzahürü sayıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib. O bildirib ki, Belarusla Rusiya arasında münasibətlərin gərgin olması yeni bir şey deyil:
"Bu gərginlik açıq səviyyəyə son iki ildə keçib. Bu da daha çox Ukrayna böhranından sonrakı dönəmdə Rusiya iqtisadiyyatına böyük zərbələrin dəyməsi və onun artıq 2014-cü ilə qədərki funksiyasını lazımi qədər yerinə yetirə bilməməsi ilə əlaqədardır. Moskvanın Belarusun indiyə qədər aldığı güzəşt və yardımları lazımi səviyyədə ödəyə bilməməsi haqlı olaraq Minskin narazılığına səbəb olub. Bu narazılığa nisbətən haqq qazandıran səbəb isə həm də Rusiya və Belarusun İttifaq Dövləti çərçivəsində birləşməsidir. Bununla belə, narazılığa səbəb olan başqa amil həm də İttifaq Dövləti çərçivəsində Belarusun inteqrasiya məsələsiylə bağlıdır. Lukaşenko uzun illərdir bu inteqrasiyanı yubatmağı bacarırdı və Moskva da buna müxtəlif zamanlarda göz yumurdu. Lakin indi inteqrasiya meyllərinin güclənməsinin istənilməsi (buraya müxtəlif məsələlər, o cümlədən vahid valyutanın yaradılması da daxildir), ustəlik bunu Lukaşenkonun və Minskin maraqlarını nəzərə almadan edilməsi Belarus lideri üçün heç də sərfəli amil deyil. Lukaşenko dünənki uşaq deyil. O bilir ki, belə tələblərin sonu onun hakimiyyətdən getməsinə hesablanıb və buna görə də o, indiki vəziyyətdə müqavimət göstərir”.

Analitik deyir ki, Belarusdakı hazırkı situasiyaya daha dəqiq desək, seçkidən öncəki son vəziyyətə nəzər yetirsək, yuxarıda söylənilən fikirləri təsdiq etmək mümkün olar:

"İndiki halda Lukaşenkonun seçkidə əsas rəqibi Svetlana Tixanovski sayılır. Tixanovski seçkiyə məhz blogger həyat yoldaşının yerinə qatılıb. Onu seçkidə Lukaşenko üçün böyük rəqiblər sayılacaq Babariko və Çepkalo dəstəkləyir. Onlardan da birincisi həbs edilib, digəri isə seçkiyə buraxılmayıb və Belarusdan Moskvaya qaçıb. Maraqlı olan odur ki, məhz seçki kampaniyasının başlanğıcında Lukaşenko israrla məhz Tixanovski ilə bağlı iddialar səsləndirir və digər namizədlərə məhəl qoymurdu. Bir növ Lukaşenko cəmiyyətdə mövcud olan müəyyən mühafizəkarlığı nəzərə alaraq Tixanovskini özünün rəqibi kimi göstərir və bütün çıxışlarını onun qadın olması üzərində quraraq, ölkədəki sistemin çətin olduğunu, qadının bunun öhdəsindən gələ bilməyəcəyi ilə bağlı ictimaiyyəti razı salacaq, ya da ən azından Tixanovski barədə şübhələr yaratmağa imkan verəcək mesajlar verirdi. Bununla belə Belarusdakı seçkini tam olaraq Minskin Moskvanın nəzarətindən çıxıb, başqa yöndə inteqrasiya etmək kimi qələmə vermək doğru olmazdı. Minskin indiki dönəmdə Rusiyadan başqa gedəcəyi istiqamət qalmayıb. Ona görə ki, bütövlükdə Rusiya iqtisadiyyatına bağlıdır və onun birdən-birə heç nəyi hesablamadan yönünü dəyişməsi ölkə üçün çox ağrılı proses ola bilər. Bunu Belarus siyasətçilərinin hamısı bilir. İndiki situasiyada Belarusda prezidentlik uğrunda gedən rəqabətdə yalnız Moskvanın dəstəklədiyi və dəstəkləmədiyi qüvvə var”.

İlkin Həsənli hesab edir ki, Lukaşenko yaranan situasiyada öz taxtını qorumağa çalışır və bunun üçün bir sıra həmlələr edir: 

"Təsadüfi deyil ki, Lukaşenko seçkidən öncə ABŞ-la belə münasibətlərini normallaşdırmağa start verib, amma bu o demək deyil ki, Lukaşenko Moskvadan qopub ABŞ-ın yanında yer alacaq. Həm Moskva, həm Vaşinqton, həm də Lukaşenkonun özü onu Qərbdə hətta ən sərfəli təkliflər belə edəcəyi təqdirdə heç kimin tam dəstəkləməyəcəyini bilir. Bununla belə, Lukaşenko mümkün olduğu qədər Belarusdakı stabilliyə, eləcə də Qərbin gələcəkdə burada maraqlarının əvvəlki illərdən daha yaxşı təmin olunmasına yalnız onun zəmanət verə biləcəyini göstərməyə çalışır. Bir növ Lukaşenko Belarus konstitusiyasının şərtini yerinə yetirməyə cəhd edir. Yəni konstitusiyada deyildiyi kimi, Belarusu neytral ölkəyə çevirməyə çalışır. Bunun nə dərəcədə uğurlu olacağını söyləmək indiki halda çox çətindir”.

Belarusda müxalifətin Rusiya tərəfindən dəstəklənməsinə gəlincə isə analitikin fikrincə, bunu da təsdiqləmək mümkündür: 

"Buradakı vəziyyəti bir növ Ermənistandakı 2018-ci ilin aprelindən öncəki situasiyaya bənzətmək mümkündür. Yəni Moskva Ermənistanda etdiyinin başqa versiyasını indi də Belarusda təkrarlamağa çalışır. Ermənistanda belə inqilabda əsas məqsədlərdən biri Moskva üçün artıq təhdidə çevrilən Qarabağ klanının gücünü zəiflətmək və ölkədə artan antirus əhval-ruhiyyəsini zəiflətmək idi. Belarusda da təxminən eyni proses gedir. Yəni güclənən və demək olar ki, Moskvasız qərarlar qəbul edən Lukaşenko var ki, bu da Kremlin bölgə ilə bağlı maraqlarına perspektivdə böyük təhdid ola bilər. Digər tərəfdən Belarusda müxalifət tarixdə ilk dəfə böyük mitinq keçirir və nədənsə Ermənistandakı kimi heç kim buna mane olmur. Aydın görünür ki, Belarus hakimiyyətində Moskvanın təsir dairəsində olan bəzi qüvvələrin özləri bu insanların kütləvi toplanmasında maraqlı olub və buna xüsusi şərait yaradıblar. Belə olmasaydı, elə seçki kampaniyasının ilk günlərindəki kimi cəmi yüz nəfərlik aksiyaları güc orqanları dərhal dağıdar, onlarla adamı həbs edərdi”.

İlkin Həsənli qeyd edib ki, Belarusdakı hazırkı situasiya Rusiyanın daxilindəki gərginliyin də təzahürü sayıla bilər:

"Kreml elitasında Lukaşenkonu müdafiə edən kifayət qədər güclər var və onlar Batkanın hakimiyyətdə qalmasında maraqlıdırlar. İndiki situasiyada ehtimal etmək olar ki, bu güclər də yavaş-yavaş sıradan çıxarılmağa cəhd edirlər və daha dəqiq desək, vurulan qüvvələr Batkanın simasında Belarusdan Putinə mesajlar verirlər. Hər bir halda bu ehtimaldır. Amma Putinin Belarusu hədəfə çevirəcəyi son iki ildə iddia kimi daima səslənirdi. Bu isə Putinə ölkə daxilində itən nüfuzunu bərpa etmək, Krımın anneksiyasından sonra əhval-ruhiyyəni yenidən qaytarmaq, özünü yenidən "qorxunc tirandan əzabkeş xalqı xilas etməyə gələn sərkərdə ya çar” kimi təqdim etmək üçün lazımdır. Hər bir halda Belarusda gərginliyin dərhal bitəcəyi inandırıcı görünmür. Əhalidə hakimiyyətdən əsaslı narazılığın olması da nəzərə alınarsa, tərəflərin bir-birinə müqaviməti müəyyən müddət davam edəcək. Burada kimin qazanacağını söyləmək çətindir. Bilinən odur ki, Belarusda prezident vəzifəsinə Moskva ilə razılaşan və hər şeyə izn verən şəxs oturacaq. Bunun isə həm Lukaşenko, həm də müxalifətdən kiminsə olması ehtimalı tam realdır. O ki, qaldı Belarusda yaşananların oxşar versiyasının digər keçmiş sovet respublikalarında yaşanması ehtimalına, bu variantı da real hesab etmək olar. Ona görə ki, Moskva yeni dönəmdə bufer zonasından imtina etmək yerinə onlarda öz təsir dairəsini daha da gücləndirmək fikrindədir”.

Bahar Rüstəmli