Orxan Saffari

Blogger
Yazılar
6

"Ölümümdən 5 il sonraya məktub"

Esse

Orxan Saffari

Mən hal-hazırda ölüyəm. 

Ruhum şad olsun.

Hərdən topa, qara buludların birinə enib, hər şeyə ordan baxıram. Sürdüyüm, daha doğrusu, arxamca sürüdüyüm bu balaca ömür, dostlar, qohumlar, ailə, sevgi...

Sən demə, toprağın səni udduğu gün bitirmiş hər şey. Bir az gələcəklə bağlı planların, bir az şəxsi həyatla bağlı xəyalların, bir az ətrafdakı insanlarla münasibətin, bir az, bir az, bir az....hər şeydən bir az-  zamanla məhv olur, bir ovuc torpağa dönürmüş. İndi mən sadəcə torpağın çürüntü qatından, bir də hərənin əlində bir ovuc xatirədən ibarət bir yoxluğam..

Dəfnimdən 1 il keçir...

Keçən dəfə fikir verdim, məzarım qıraqlarını da ot basıb. Yadıma çəmənliklərdə oynayanda yıxıldığım günlər düşdü. O vaxtlar qalxa bilirdim, amma indi?!

Dostlarımı görürəm...

Hərdən hardasa yığışanda da yadlarına düşürəm hələ. Xatirələri danışırlar, heyfslənirlər. Sonra yenidən mövzu dəyişir...Başqa nə cür olmalı idi ki?!

Sevdiyim qızı görmürəm...Evlidi. Xoşbəxtdi... Bir dəfə də gəlmədi məzarıma. Yəqin, hər şey həqiqətən qarşılıqlı imiş. Heyf, mən də onun toyuna gedə bilmədim.. Xəyallar qurmuşduq amma. Özü də, birinci qızımız olacaqdı. Heç bir damla yaş olub başqasının xarabasında da düşmədim gözündən..

Ailəmi görürəm...

Anamın heç bir dəfə də yadından çıxmamışam. Evi təmizləyəndə, kinoyə baxanda, qonşu uşaqlarını görəndə, qohum uşaqları gələndə... Həmişə, həmişə yadındayam. Bircə onun da yadından çıxsaydım... Yazıq arvad,  bala dərdi deyib bitirir özünü. 

Düz-əməlli sevinə də bilmir heç. Şəklim qara kölgə kimi evin hər yerindən asılıb. 

O gün gülən yerdə gördüm amma. Gördüm ki, bircə yanaqlarını arxaya çəkir,  başqa heç nə. 

Hələ atamı demirəm. İlahi, min ilin kədəri yığılıb üzünə. Saçı ağardı, üzü qırışdı. Amma kişi qüruru deyib, hər dəqiqə də ağlayıb eləmir. Ancaq ad günlərimdə, bayramda falan. Bir dəfəsində də dostunun oğlunun toyunda çölə çıxıb hönkürmüşdü. Qamətin bükülməsin, ay dədə!

Qardaşımı görürəm.

Əclaf avara ki, avara. Məndən sonra ona heç nə demirlər. Öz kefindədir. Amma qardaş itirib o da. Arxa-dayağı gedib. Hiss edir bunu. 

Bacımı da görürəm....Sevdiyi var. Keçən dəfə sevgilisinə məndən danışırdı. Mən heç bilməzdim ki, sağlığımda necə biri olmuşam. Bacımın dilindən eşitdim hamısını. Amma heç yola getmirdik onunla.. Xırda şeylərin üstündə dalaşırdıq, atam gələndə də həyasızlıq edib xəbərləyirdi. Qız uşağıdı, axı. Atam da məni danlayırdı ki, bacı ilə işin olmasın.. Mənə acıq vermək üçün qucaqlayırdı, öpürdü, deyirdi, qələt edir qardaşın. Başını kəsərəm onun.. Nə günlərdi amma..

*

Artıq 5 ildir ki, sizlərə ömür, yoxam həyatda. Sevgilim məni təmiz unudub. Oğlu da var, amma mənim adımı qoymayıb. Yadıma qurduğumuz xəyallar düşür, istəyirəm, özümü buludlardan yerə atam..Allah qoymur!

Dostlarımın yadına uzun müddət idi düşmürdüm. Ad günümdə xatırladılar amma, sağ olsunlar. Onları çox istəyirəm.

Anamı görə bilmirəm...

Dünyasını dəyişib, yanıma gəlməli idi. Bilmirəm nə məsələdir. Hələ ki, yoxdu.

Atam da əldən düşüb, qocalıb təmiz. 

Qardaşımı da görürəm. Şükür, yaxşıdır. İşləyir, nişanlıdır. Bacım da sevgilisindən ayrılıb. Bilmirəm ruhum şad olacaq ya yox...

OXŞAR XƏBƏRLƏR