XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

M.S. barəsində 115 ittihamlıq qərar: İngiltərə futbolu əbədi olaraq dəyişə bilər
İdman14:04 26.09.2026

M.S. barəsində 115 ittihamlıq qərar: İngiltərə futbolu əbədi olaraq dəyişə bilər

“The Damned United” sənədli film deyil. Devid Pis tərəfindən yazılmış bestseller romanda təsvir edilən hadisələrin doğruluğu real həyatda hekayənin əsas qəhrəmanlarından bəziləri tərəfindən mübahisələndirilib. Lakin demək olar ki, hamının razılaşdığı bir məqam var: Brayan Klaf 1974-cü ilin iyulunda “Lids Yunayted”in yeni baş məşqçisi kimi ilk məşqlərindən birində istedadlı, lakin aqressivliyi ilə məşhur olan futbolçular qrupunun qarşısına çıxaraq medallarının hamısını zibil qutusuna ata biləcəklərini deyib. Çünki onun sözlərinə görə, onlar həmin medalların heç birini ədalətli şəkildə qazanmayıblar.

“Bunların hamısını lənətə gəlmiş fırıldaqla etmisiniz” – bestseller əsərin film adaptasiyasında Klaf obrazını canlandıran Maykl Şinin məşhurlaşan ifadəsi belə olub. Burada söhbət “Lids”in hər hansı korrupsiya fəaliyyətindən deyil, guya “çirkli” oyun üslubundan gedirdi.

Yəqin ki, həmin videonun sosial şəbəkələrdə yenidən yayıldığını siz də görmüsünüz. Lakin bu dəfə söhbət “The Athletic”in ilk olaraq xəbər verdiyi kimi, 2023-cü ilin fevralında Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunan və 115 ittihamdan biri istisna olmaqla, demək olar ki, hamısında təqsirli bilinən “Mançester Siti” ilə bağlıdır.

Hətta həmin video sizə “WhatsApp” qrupunda göndərilmiş də ola bilər. Çünki “əyləncə” artıq başlayıb. Hamı bu “zarafat” dalğasına qoşulub, yumor maşını tam gücü ilə işləyir və rəqib azarkeşlər “Mançester Siti”ni amansızcasına məsxərəyə qoyurlar.

Lakin bu, gülüb keçiləsi məsələ deyil. Əksinə, söhbət keçmişi yenidən yazmaqla İngiltərə futbolunun gələcəyini tamamilə dəyişmək potensialına malik ciddi bir mövzudan gedir. Çünki Premyer Liqanın “Mançester Siti” üzərində böyük qələbə qazandığı bildirilirsə də, rəhbərlik etdiyi təşkilatın bütün etibarlılığını itirmək təhlükəsi ilə üz-üzə qalması fonunda bunu qeyd olunası qələbə kimi qəbul etmək çətindir.

Aşağı liqaya düşmək real riskdir

Erling Haalandın heyətində olduğu komanda “Çempionşip”ə doğru gedə bilər.

Əlbəttə, Premyer Liqanın baş direktoru Riçard Mastersin rəhbərlik etdiyi qurumun hələ də apellyasiya hüququ olan “Mançester Siti”yə hansı sanksiyaları tətbiq edəcəyini bilmirik. Hətta rəqib klubların bəzi şübhəçi azarkeşləri “Etihad” təmsilçisinin cərimə və əhəmiyyətsiz sayılacaq xal silinməsi ilə kifayətlənəcəyindən şübhələnirlər.

Lakin işə bələd hüquq ekspertlərinin fikrincə, bunun baş verməsi ehtimalı olduqca aşağıdır. İdman dünyası indiyədək bu miqyasda maliyyə qalmaqalı ilə qarşılaşmayıb. İttihamların ağırlığı misilsizdir. Böyük ehtimalla sanksiya da eyni dərəcədə ciddi olacaq.

Xatırladaq ki, “Everton” cəmi 6 xal, “Nottingem Forest” isə 4 xal silinməsi ilə cəzalandırılıb və bu klubların Premyer Liqanın maliyyə qaydalarında yalnız nisbətən kiçik pozuntular törətdiyi bildirilmişdi.

“Çelsi” isə menecerlərə və üçüncü tərəflərə qanunsuz ödənişlərlə bağlı ittihamlara görə yalnız maliyyə cəriməsi alıb. Bununla belə, klub faktiki olaraq özü barədə Premyer Liqaya məlumat vermişdi. Çünki sözügedən pozuntular hazırkı sahiblərlə deyil, Roman Abramoviçin rəhbərliyi dövrü ilə bağlı idi. Bu səbəbdən “Clearlake” konsorsiumu araşdırmanın bütün mərhələlərində tam əməkdaşlıq edib.

“Mançester Siti” isə bunu etməyib. Klub bütün proses boyunca özünü tamamilə günahsız hesab etdiyini bildirib. Bu da ona qarşı daha yumşaq münasibət göstərilməsini az ehtimallı edir.

Nəticədə “Siti”nin aşağı liqaya düşməsini artıq sadəcə ehtimal deyil, mümkün nəticəyə çevirəcək qədər ağır xal silinməsi ilə üzləşməsi real ssenari kimi görünür.

Kuboklar geri alına bilərmi?

Pep Qvardiola meydanda qazanılan çempionluqların nəticədən asılı olmayaraq həmişə “Siti”yə məxsus olacağını müdafiə edib.

Bu mərhələdə çempionluqların geri alınıb-alınmayacağı məlum deyil. Lakin istintaqın əhatə etdiyi 2009–2018-ci illər arasındakı bütün nəticələrin ləğv edilməli olduğunu müdafiə edən ciddi arqumentlərin olduğu aydındır.

Bununla yanaşı, “Mançester Siti”nin İngiltərə futbolunun dominant gücünə çevrilməsinə və nəhayət, 2023-cü ildə üç kubok qazanmasına imkan verən bahalı təməlin məhz iddia edilən maliyyə pozuntuları olmadan qurulmasının mümkün olmayacağı da irəli sürülə bilər.

“Siti”nin keçmiş baş məşqçisi Pep Qvardiola da klubun təqsirli bilinəcəyi halda kuboklarının əlindən alınması ehtimalına sərt reaksiya vermişdi.

“Yaxşı da! Həmin anlar, cəza nə olursa-olsun, [“Siti”yə] məxsusdur”, – kataloniyalı məşqçi 2023-cü ildə deyib. “Nə etdiyimizi düşünün... Serxio Aqueronun 2012-ci ildə “KPR”ə qarşı vurduğu qolu. Bunu heç kim ortadan qaldıra bilməz. Bilmirəm, Stiven Cerrardın “Enfild”də sürüşməsinə görə biz məsuliyyət daşıyırıq?”

Əlbəttə, daşımırlar. Lakin iddiaya görə, Manuel Pelleqrininin “Siti”sini həmin sürüşmədən faydalana biləcək mövqeyə gətirən maliyyə pozuntularına görə məsuliyyət daşıyırdılar.

Üstəlik, Qvardiolanın bəhs etdiyi həmin sehrli anların başqasından alındığı iddia edilirsə, onların “Siti”yə məxsusluğu da mübahisə doğura bilər.

“Liverpul”un keçmiş yarımmüdafiəçisi Denni Mörfi də xatirələrin həqiqətən geri alına bilməyəcəyini bildirib. Lakin medallar və kuboklar geri alına bilər. Nitekim “Liverpul”u Qvardiolanın “Siti”sinə qarşı 2018–2019 və 2021–2022 mövsümlərində iki çempionluğu cüzi fərqlə əldən vermiş Yurgen Klopp daha əvvəl “Siti”nin təqsirli bilinəcəyi təqdirdə keçmiş futbolçuları üçün pivə açacağını və öz həyətində çempionluq paradı keçirəcəyini söyləmişdi.

Düzəldilməsi mümkün olmayan zərər

Keçmiş velosipedçi Lens Armstronq hələ də “Tour de France”ı 7 dəfə qazandığını iddia edir. Lakin heç kim onun çempionluqlarını nəzərə almır.

“Mançester Siti” üçün daha böyük narahatlıq doğuran məsələ isə mümkün hüquqi və maliyyə nəticələridir.

Son 18 ildə üç dəfə “Siti”dən sonra ikinci yeri tutan “Mançester Yunayted”in “Siti”nin pozuntularının öz gəlirlərinə iqtisadi təsirini artıq qiymətləndirdiyi bildirilir. “Liverpul”un da – üç dəfə ikinci olub – və iki “əldən verilmiş” çempionluğu olan “Arsenal”ın eyni addımı atmaması təəccüblü olardı.

Bununla da məsələ bitmir. “Siti” digər klubların Çempionlar Liqasına vəsiqəni təmin edən ilk 4 pillədə qərarlaşmasına və bununla birlikdə gələn böyük maliyyə mükafatlarını qazanmasına da dəfələrlə mane olub.

Mümkün təzminatların maliyyə dəyərini indiki mərhələdə hesablamaq mümkün deyil. Eyni şəkildə, təqsir hökmü qüvvədə qalarsa, futbol tarixində ən böyük saxtakarlıq hallarından birinin Premyer Liqanın son 18 ilini yalan üzərində qurulmuş kimi göstərməsi təhlükəsinin liqanın bütövlüyünə vurduğu və ehtimal ki, bərpası mümkün olmayan zərəri də hesablamaq mümkün deyil.

Lakin dəqiq bildiyimiz bir məqam var: “Siti”nin nüfuzu ciddi zərbə alacaq. Xatirələr və qazanılmış çempionluqlar hələ silinməyib və bəlkə də heç vaxt silinməyəcək. Amma ən azı uzun sürə biləcək apellyasiya prosesindən asılı olaraq, bundan sonra hər uğurun yanında bir sual işarəsi yarana və tərəfsiz müşahidəçilərin gözündə qələbələrin əhəmiyyəti ciddi şəkildə mübahisələndirilə bilər.

Florens Qriffit-Coynerin sprint rekordları və ya Lens Armstronqun “Tour de France”da qazandığı 7 çempionluq kimi.

Bəs niyə? Çünki “The Damned United”dən fərqli olaraq, bütün ittihamları rədd etməyə davam edən “Mançester Siti”nin bütün medallarını fırıldaq kölgəsi altında qazandığı iddia oluna bilər.

Mənbə: Goal.com
Tərcümə:
Qaynarinfo.az