Xəbər lenti

Mahir Şükürov: “Türkiyədə məşqçilər tükənib”
İdman 17:17 06.12.2023

Mahir Şükürov: “Türkiyədə məşqçilər tükənib”

Bir neçə gün öncə "Adana Dəmirspor”dan ayrılan Patrik Kluyvertin gedişi ilə Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşdı. Bir qədər də konkretləşdirsək, bu Superliqada 14-üncü istefa oldu. Hətta "Beşiktaş” kimi nəhəng mövsüm ərzində artıq iki dəfə baş məşqçi dəyişikliyi həyata keçirib. Halbuki çempionatda cəmi 14 tur geridə qalıb və qısa müddətdə bir baş məşqçinin heç nə ilə yadda qalmayacağını nəzərə alsaq, bu rəqəmlər inanılmazdır.
 
Düzdür başqa - İngiltərə, İtaliya, İspaniya kimi ölkələrin də çempionatlarında məşqçi istefalarına şahidlik edirik. Ancaq Türkiyə Superliqası bəlkə də dünyada ən çox istefa reallaşan yeganə çempionatdır.
 
Maraqlıdır, bəs bütün bunların səbəbi nədir? Niyə baş məşqçilər bu çempionatda çox tab gətirə bilmirlər?

Millimizin sabiq futbolçusu Mahir Şükürov bu məsələyə münasibətini bildirib. Vaxtilə Türkiyədə də top qovmuş keçmiş müdafiəçi Qaynarinfo-ya açıqlamasında bunu bir neçə məsələ ilə əlaqələndirib:
 


"Fikrimcə, türk məşqçilərin iş proqramı tükənib. Sponsorlar çox məşqçilərə güvənmirlər. Həqiqətən də dünya futbolunda heç bir çempionatda belə hadisələr olmur. İngiltərədə də tez-tez məşqçi dəyişiklikləri görürük. Lakin Türkiyədəki qədər deyil. Hansısa ingilis məşqçi bir klubdan digərinə keçir, sonra yenidən qayıdır. İngiltərədə öndə gedən klublarda legioner məşqçilər işləyir. Digərləri isə yerlilərə güvənir. Təəssüflər olsun ki. bu gün Türkiyədə acınacaqlı mənzərə görürük. Düşünürəm ki, çempionatları çox qəlizdir. Xarici futbolçu gələndə belə oynamağa çətinlik çəkir. Ab-havasına öyrəşə bilmir. Legioner gəlir, bir ildən sonra ya komandadan çıxarırlar, ya icarəyə verirlər, ya da öz istəyi ilə gedir. Məncə, öndə gedənlərdən Fatih Terim, Şenol Günəş, digərləri illər ərzində istifadə olunub və limitləri bitib, tükənib. Yeni nəsə yoxdur. Sponsorlar, azarkeşlər yeni nəfəs istəyirlər. Baxırlar ki, gətirdikləri məşqçi istədiklərini verə bilmir. Türklər çılğındır, bir-iki oyunda məğlub olan kimi aləmi qatırlar. Məsələn, özümüzdə görmədiyimizi "Beşiktaş”da gördük. Azarkeşlər boykot elədi, futbolçulardan formalarını çıxarmaları və getmələri tələb olundu. Həqiqətən Türkiyədə məşqçi kimi çalışmaq çətindir. İstər jurnalistlər, istər azarkeşlər olsun, çox insanların futboldan başı çıxır. Yanlışlıq görən kimi hamı etirazını bildirir. Əvvəl belə deyildi. Bu səbəbdən Superliqada acınacaqlı durum yaranıb. İngiltərədə məşqçi güclü olmasa belə, gətirdikləri səviyyəli legionerlərlə, xərclədikləri pulla bunu ört-basdır edə bilirlər ki, məşqçiyə köməklik göstərsin. İngiltərəyə gedən futbolçu Türkiyəyə gəlmir. Məşqçi də istər-istəməz çətinlik çəkir”.

Şükürov digər səbəbi klubların hamısının çempionluğa iddialı olması ilə izah edib:
 
"Superliqada 20 komandanın hamısı çempionluğa oynamaq istəyir. Sponsor gətirdiyi məşqçinin qarşısına Avropa Liqasına, Konfrans Liqasına vəsiqə qazanmaq tələbi qoyur. Məsələn, Abdulla Avcı uzun illərdən sonra "Trabzonspor”u çempion elədi. Amma bir-iki dəfə büdrəyəndən sonra göndərib başqa məşqçi gətirdilər. Trabzon futbol baxımından ağır şəhərdir. Çox məşqçi gəlib, amma bəlkə də heç bir il davam gətirməyib. Abdulla oranın atmosferini yaxşı bildiyi üçün yenidən baş məşqçi təyin etdilər. Onun gəlişindən sonra "Trabzonspor”un toparlandığını görürük. Komandada dəyişiklik hiss olunur. Düzdür heyətdə gənc futbolçular var. Amma gənc məşqçilərə güvənmirlər. Adlı-sanlı mütəxəssis istəyirlər ki, nəticə versin. Bilirsiniz ki, Türkiyədə avrokuboklara düşdünsə, klublara çox pul verilir. Alınmayanda prezidentlər məşqçiləri postundan göndərir. Belə baxanda köhnə məşqçilərdən Abdulla Avcı və Rza Çalımbay qalıb. Rza da "Beşiktaş”a təzə gəlib. Qalanları - Əmrə Belözoğlu, Okan Buruk gəncdir. Gənclər üçün Superliqada işləmək daha çətindir. Əmrəyə futbolçu kimi çox böyük hörmətim var. Həyatının yarısını "Fənərbağça”ya sərf edib. Lakin iki xalla çempionluğu əldən verdiyi üçün vəzifəsindən çıxardılar”.

Keçmş müdafiəçi klubların idarəetmə sistemində problemlər olduğu və niyə azarkeşlərin sözü ilə məşqçilərin göndərildiyini də bildirib:
 


"Klubların idarəetmə sistemində də problemlər var. Azarkeşlərin etirazına görə məşqçilərin göndərilməsinə gəlincə, dünya futbolunda da belə praktika var ki, klublar öz fanatları ilə məsləhətləşirlər. Çünki azarkeş kluba gəlir gətirir və onu itirmək istəmirlər. Bilet alırlar, oyuna gəlirlər. Belədə azarkeşlərdən təzyiq gəldiyini görəndə rəhbərlik müəyyən qərarlar verir. Bizdəki kimi "istefa” qışqırmırlar. Mediaya açıqlamasalar da, orada azarkeşlərlə klub rəhbərliyi arasında məsləhətləşmələr, görüşmələr olur. Yəni azarkeşin sözünə qulaq asırlar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->