İyunda dünya maliyyə və əmtəə bazarlarında baş verən proseslər manatın məzənnəsinin sabitliyi üçün müəyyən risklər yaradır. Vəziyyətdən asılı olaraq manatın ucuzlaşması, bahalaşması və ya sabit qalması mümkündür.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, milli valyutamızın məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir və ya əskinə.
Bayramovun fikrincə, bu, manatın məzənnəsinin avronun məzənnəsindən tədricən asılılığının yaranması anlamına gəlir: "Bu o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi, həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər, avrozonada Avropa İttifaqının vahid valyutası möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq".
Ekspert hesab edir ki, manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə alan Bayramov deyir ki, yaxın zamanlarda manatın dolları "qəpiklərlə satın alması" mümkünsüz görünür. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta və dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir.
İndiki şərtlərlə ekspert manatın kəskin ucuzlaşacağını da gözləmir: "Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində məzənnəni dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək".
Ekspert söyləyir ki, strateji baxımdan manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin bir barel üçün 80 dolları ötəcəyi və həmin intervalda stabilləşəcəyi halında manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Bayramovun fikrincə, manatla dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.
Ekspert valyuta bazarında baş verəcək mümkün risklərdən slğortalanmaq üçün nağd pulun saxlanan zaman səbətdən istifadə edilməsini tövsiyə edir: "Xüsusən də, dünya valyuta bazarındakı mövcud vəziyyəti, milli valyutamızın mövcud dəhliz daxilində dəyişiklikləri nəzər alaraq nağd şəkildə saxlanan vəsaitlər bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanması arzuolunandır. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 60 faizinin dollar, 20 faizinin manat, 20 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq ki, bu da valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq".
İqtisadçı alim vəsaitlərin real dəyərinin qorunması üçün daşınmaz əmlaka sərmayə qoymağın əsl vaxtının olduğunu da bildirir. O, tövsiyə edir ki, çox pulu olanlar qiyməti aşağı olan daşınmaz əmlak alsın: "Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən aşağı olan torpaq sahələrini ala bilərlər. Xüsusən də, şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin daha da bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq.
Daşınmaz əmlaka yatırım etmək istəyənlər daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması da arzuolunandır. Xüsusən də, Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti enir. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək. Bakıda daşınmaz əmlakın qiyməti isə 2015-ci ilin növbəti aylarında daha da azalacaq".
Bayramov onu da əlavə edir ki, manatın məzənnəsinin sabit qalması üçün xarici valyutalara tələb azaldılmalıdır: "Bu ayın əvvəlinə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsinə həm psixloji, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər. Baş bankda borclanmalar hesabına valyuta ehtiyatlarının həcmindəki azalmaların qarşısının alınmasına çalışılacağı gözlənilir. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarını inkişaf etdirməklə əhalinin qeyri-valyuta yığım imkanlarını artırmaq və bütövlükdə dollara tələbin azalmasına nail olmaq mümkündür".//Ekspress.az
Qaynar.info
Şərhlər