TƏBİB Əməkdar artist Rəhman Rəhmanovun ittihamına cavab verib.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, imtiyazlı xəstələrin dərman təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli, 87 nömrəli Qərarına əsasən Dövlət Proqramına uyğun şəkildə həyata keçirilir:
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına əsasən hazırlanmış "Şəkərli Diabet üzrə Dövlət Proqramı” diabet xəstələri üçün tibbi yardımın iqtisadi cəhətdən əsaslandırılmış modelinin yaradılmasına, onların həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, müalicə keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək poliklinikada xəstələrə dərman vasitələri paylanılması prosesi icra olunur. Hal-hazırda təminatla bağlı heç bir çətinlik yoxdur.
Bununla belə, vətəndaş müraciətləri tərəfimizdən nəzarətdə saxlanılır və dərman vasitələrinin təminatı icra olunur".
Qurum əlavə edib ki, şəkərli diabet xəstələrinin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir:
"Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir. Hörmətli aktyorumuz Rəhman Rəhmanovla tərəfimizdən əlaqə saxlanılıb, ona müvafiq izahatlar verilib.
Bununla yanaşı, qeyd edirik ki, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub".
Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov redaksiyamıza şəkərli xəstələr üçün dövlətin ona pulsuz verdiyi insulin iynəsini növbəyə dayana bilməməsi səbəbindən pulla aldığını bildirmişdi.
Bahar Rüstəmli
Şərhlər