Azərbaycanın ən reytinqli şousu - "Maşın” ekranlara qayıdır.
Qaynarinfo xəbər verir ki, "Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.
"M Group Production”ın mətbuat xidmətindən verilən məlumata görə, artıq "Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da...
"Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. "MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan "Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində "Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.
Onu da vurğulayaq ki, "Maşın” şounun müəllif hüquqlarının sahibi olan "MGP” özünün 15 illik yubileyini və Azərbaycanlıların Həmrəylik Gününü, həmçinin Yeni il bayramını da xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünüb.
"Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, "MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə davam edir. Beləliklə, "Maşın” realiti şou 17-ci sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir...
Şərhlər