ABŞ-ın dövlət katibi Maykl Pompeo Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Amerikanın Azərbaycandakı səfirliyindən Qaynarinfo-ya daxil olan məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik etmək istəyirəm.
Bu il qeyd olunan 25-ci ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zamanda yer alır. Son 25 il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına dair göstərdiyi səylərdə sadiq tərəfdaşı olub. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçıya çevrilib, Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynayıb.
Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan "Cənub Qaz Dəhlizi"nə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağı davam edir. Prezident Trampın 26-ci Xəzər Neft və Qaz Sərgisi münasibətilə ünvanladığı məktubda qeyd etdiyi kimi, biz Sizin səylərinizi dəstəkləyir və Azərbaycanın iqtisadi uğurunun bölgədə sabitliyin və firavanlığın inkişafı üçün vacib olmasına inanırıq.
Enerji sahəsində olan uğurlu tərəfdaşlığımız bizim həmçinin iqtisadi, təhlükəsizlik, insan haqlarının irəliləməsi, fundamental azadlıqlar və demokratik idarəçilik sahələrini əhatə edən strateji münasibətlərimizə də müsbət töhfə verib.
Birləşmiş Ştatlar sözügedən bütün sahələrdə göstərdiyimiz fəaliyyətlərin davam etdirilməsi və dərinləşdirilməsi niyyətindədir. Yenidən bu mühüm ildönümü münasibətilə Sizi təbrik edirəm.
Hörmətlə,
Maykl R. Pompeo”.
Şərhlər