Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas Fədayə Laçının iştirakı ilə baş tutub.
İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib.
***
12.17
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi başlayıb.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılır. Proses jurnalistlər üçün qapalı keçirilir. Prosesdə F.Laçın iştirak edir.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Şərhlər