Xəbər lenti

Məhkəmələrdə uşaqlarla ünsiyyət hüququna dair mübahisələrə baxılması xüsusiyyətləri hansılardır?
Ölkə 10:24 20.06.2024

Məhkəmələrdə uşaqlarla ünsiyyət hüququna dair mübahisələrə baxılması xüsusiyyətləri hansılardır?

"Məlum oluduğu kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin XI fəsli ailədə uşaqların hüquqlarına həsr olunub və Ailə Məcəlləsində uşaqlara hüququn müstəqil subyekti kimi yanaşılması "Uşaq hüquqları haqqında” Konvensiyanın tələblərindən və uşaqların hüquq və maraqlarının qorunmasını təmin etməklə bağlı Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gəlir. Ailə Məcəlləsinin 49.1-ci maddəsində uşağın anlayışı verilib və normanın mənasına görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur”. 

Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Əhməd Əhmədov bildirib. 

Hakim qeyd edib ki, ailə qanunvericiliyinə görə, uşaq hüquqlarının iki növü fərqləndirilir, uşaqların şəxsi hüquqları və əmlak hüquqları. Uşaqların şəxsi hüquqlarına ünsiyyət hüququnu və sair aid etmək olar. Ailə Məcəlləsinin 50-ci maddəsi uşaqların öz valideynləri və başqa qohumları ilə, 61-ci maddəsi isə uşaqlardan ayrı yaşayan valideynlərin öz uşaqları ilə ünsiyyət hüququndan bəhs olunur: "Uşaqların valideynləri ilə ünsiyyət hüquqları həmçinin "Uşaq hüquqları haqqında” Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndindən irəli gəlir. "Ünsiyyət” özü ərəb mənşəli söz olmaqla, qarşılıqlı münasibət, əlaqə, yaxınlıq və ülfət mənasında işlədilir. Ailə qanunverciliyi uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını uşaqlardan ayrı yaşayan valideynlərə aid edib, yəni bir qayda olaraq ünsiyyət hüququnu uşaqlardan ayrı yaşayan valideynlər iddia edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin vəzifəsi kimi nəzərdə tutulub. Ailə Məcəlləsinin 56-cı maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə qanunverciliyinin tələblərinə görə, uşaqlarından ayrı yaşayan valideynlər öz aralarında yazılı saziş bağlamaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydası, müddəti, forması barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, uşaqdan ayrı yaşayan valideynlərin tələbinə əsasən mübahisə uşaqların hüquq və mənafeləri, işin halları, habelə qəyyumluq və himayə orqanlarının rəyi nəzərə almaqla məhkəmə qaydasında həll olunur”. 

Ə. Əhmədov bildirib ki, bu kateqoriyadan olan işlərə məhkəmələrdə baxılarkən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşaqların fikri mütləq nəzərə alınmaqla qərar qəbul edilməlidir: "Həmçinin qərar qəbul olunarkən 7 yaşına çatmış uşaqların fikri də öyrənilə və nəzərə alına, habelə zərurət olduqda məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşaqların dindirilməsini həyata keçirə bilər. Ailə Məcəlləsində uşaqların məhkəmədə dinlənilmələri ilə bağlı belə bir müddəanın nəzərdə tutulması "Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gəlir və həmin normada göstərilir ki, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşaqların fikrinə diqqət yetirilməlidir. Eyni zamanda məhkəmə, uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməmələrini, səhhətlərini, məktəbəqədər və ya ümumi təhsil rejimini, habelə uşaqların hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılıb- gətirilməsi müddətlərini, uşaqların mənəvi, psixi və fiziki inkişaflarına təsir edən digər amilləri nəzərə almalıdır. Xüsusilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ər-arvadın qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi müəyyən edilməlidir”. 

Hakimin sözlərinə görə, bəzən keçmiş ər-arvad arasında normal münasibətlər olmadığı halda, uşaqlardan ayrı yaşayan ataya ünsiyyət hüququnu ananın iştirakı ilə verirlər ki, bu da atanın övladı ilə öz arzusuna uyğun olaraq görüşüb ünsiyyət saxlamasına mane olur: "Ona görə də uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Qeyd olunmalıdır ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən olunması yolverilməzdir və məhkəmə uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə, habelə uşağın gecə valideynin yanında qalmaqla ünsiyyət qaydasının müəyyən edilməsinə üstünlük verilməlidir. Bundan başqa, bəzən ailədaxili münaqişələr, uşaqların uzun müddət valideyndən ayrı qalması və ya validenlərin uşaqlar körpə olarkən ayrılmaları və sair hallar validenlərin uşaqları ilə normal ünsiyyət saxlamalarına imkan vermir, valideyn övlad münasibətləri zəifləyir, ailə bağları qırılır, hətta bəzən ünsiyyət vaxtı uşaq valideynini tanımır və son nəticədə ünsiyyət hüququ ilə bağlı çıxarılmış məhkəmə aktları icrasız qalır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələblərinə uyğun olaraq işə baxan məhkəmələr qətnamənin nəticə hissəsində ünsiyyətlə bağlı icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydasını və müddətini də müəyyən etməlidirlər. Yaddan çıxartmaq olmaz ki, məhkəmə qətnaməsinin nəticə hissəsində qətnamənin icra qaydasının və müddətinin müəyyən olunması, qətnamənin gələcəkdə icrasının təmin olunmasına xidmət etməklə yanaşı, valideynlə uşaq arasında ailə bağlarının bərpa olunmasına yönələn hüquqi bir vasitədir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->