Xəbər lenti

Mehriban Əliyeva  “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında (FOTO)
Foto 19:18 13.06.2019

Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində "Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

"Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldu. Müəssisənin rəhbəri Nigar Mənsimova "Ümid yeri” uşaq sığınacağının fəaliyyəti barədə Mehriban Əliyevaya məlumat verdi.

Qeyd edildi ki, uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

Uşaqların iştirakı ilə yaradılan "Keçə” rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edildi.

İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət etdi. On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söylədi. Dedi ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini dedi. Mehriban Əliyeva qeyd etdi ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söylədilər, mahnı ifa etdilər.

Heydər Əliyev Fondu uşaqlarla bağlı müxtəlif layihələr reallaşdırır. Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Fond paytaxtdakı uşaq müəssisələrinin sakinləri üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması məqsədilə mühüm layihələrə imza atır. Bu istiqamətdə görülən işlərdən biri də "Ümid yeri” uşaq sığınacağı üçün yeni binanın inşasıdır.

Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva "Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzuladı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->