Son illər bronxial astma və allergik rinitlə yanaşı müasir təbabətin aktual problemlərindən biri də qida allergiyası sayılır.
Erkən yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir.
Qaynarinfo saglamolun.az-a istinadən bildirir ki, uşağın xüsusilə də erkən yaşlı uşağın qidalanmasında istifadə olunan istənilən qida məhsulu allergik reaksiya və/və ya xəstəlik törədə bilər. Lakin uşaq yaşlarında qida allergiyasının inkişafına səbəb olan qida maddələri arasında inək südü, yumurta, buğda, soya daha çox əhəmiyyət kəsb edir. Böyüklərdə isə xəstəlik adətən qida rasionunda fındıq, yerfındığı, balıq, mollyuskların istifadəsi nəticəsində inkişaf edir.
Müxtəlif müəlliflərin məlumatlarına əsasən dünya əhalisinin yalnız 3%-də sürətli tip həqiqi qida allergiyası müşahidə edilir. Digər hallarda isə qida məhsullarının tərkibində olan qida əlavələrinə (aromatizator, emulqator, doldurucu vasitələr, boyaq maddələri, konservantlar və s.) psevdoallergik reaksiyalar yaranır. Məsələn, konservləşdirilmiş və hisə verilmiş balıqdan fərqli olaraq buxarda hazırlanmış balıq nadir hallarda allergik reaksiya törədə bilər.
Qida sənayəsində geniş istifadə edilən boyaq maddələrdən biri də tartrazin sayılır. Tartrazin E102 kimi qeyd olunan sintetik qida əlavəsidir. O, adətən sarı rəngdə kiçik ölçülü toz şəklində olur.
Tartrazin ucuz boyaq maddələri siyahısına aid olduğundan insan orqanizminə ziyan verməsinə baxmayaraq qida və farmakoloji sənayəsində çox geniş istifadə edilir.
Yüksək allergenliyinə görə tartrazin övrə, Kvinke ödemi, dildə çatlar və üz sinirin iflici ilə müşaiyət olunan Merkelson-Rozental sindromu kimi ağır xəstəliklər yarada bilər. Bu maddə qırmızı və narıncı rəngdə olan qida məhsullarının etiketlərində qeyd edilir. Bu səbəbdən allergik xəstəliklərə meyilli və ya hər hansı allergik xəstəlikdən əziyyət çəkən şəxslərə xüsusilə uşaqlara bu qida məhsullarının istifadəsi məsləhət görülmür.
Tartrazin aşağıdakıların tərkibində var: dondurma, biskvit məhsulları, cemlər, jele, konservlər, yoqurtlar, tarxun və tonik kimi qazlı içkilər, konfetlər və s.
Farmakoloji sənayədə E102 yəni tartrazin dərman vasitələrin hazırlanmasında sarı rəngli boyaq maddəsi kimi istifadə edilir.
Tartrazindən başqa bu qrup qida əlavələrinə konservlərin tərkibində olan benzoatlar və salisilatlar da aiddir.
Şərhlər