Dünya 10:48 02.07.2020

Meksikada reabilitasiya mərkəzinə hücum: 24 nəfər öldürüldü

Meksikanın Quanaxuato əyalətinin İrapuato şəhərində narkotik maddə aludəçilərinin reabilitasiya mərkəzinə silahlı hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 24 xəstə öldürülüb, 7 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, mərkəzdə 35-ə yaxın adam olub və bəziləri qaçmağı bacarıb.

Şəhərin polis rəisi Pedro Kortes Zavala cinayətkarların mərkəzə avtomobillə gəldiyini və oradakı şəxsləri yerə uzanmağa məcbur etdikdən sonra öldürdüklərini deyib. Hücumu kimlərin törətdiyinə dair hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, şəhərdə ötən ayın əvvəlində başqa bir reabilitasiya mərkəzinə də hücum olmuş və 10 nəfər öldürülmüşdü.

Camal