
Məktəblərdə vahid geyim formasının tətbiqi, xüsusilə baş örtüyü ilə bağlı müzakirələr cəmiyyətdə fərqli fikirlərin ortaya çıxmasına səbəb olur. Bəzi şəxslər bu qaydanı dini dəyərlərə müdaxilə kimi qiymətləndirsələr də, digər yanaşmaya görə, vahid geyim məktəblərdə bərabərliyin və nizam-intizamın qorunmasına xidmət edir.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli bildirib ki, məktəblərdə vahid geyim formasının tətbiqini İslama qarşı addım kimi təqdim etmək düzgün deyil:
"Azərbaycan dünyəvi dövlətdir və ölkədə bütün dinlərə hörmətlə yanaşılır. Əhalinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğunu nəzərə alsaq, Azərbaycanın İslam dünyasında da xüsusi mövqeyə malik olduğunu görərik. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazilərində məscidlərin bərpasına diqqət yetirməsi, Prezident İlham Əliyevin Şuşadakı məscidə Quran hədiyyə etməsi ölkədə dini dəyərlərə münasibətin göstəricisidir. Buna görə də vahid məktəbli formasının tətbiqini dinə qarşı addım kimi təqdim etmək əsassızdır".

Alim hesab edir ki, məktəb dövlətin müəyyən etdiyi ümumi qaydaların tətbiq olunduğu təhsil müəssisəsidir. Burada əsas məqsəd şagirdlər arasında birlik və bərabərliyi qorumaq, onların diqqətini xarici görünüşə deyil, təhsilə yönəltməkdir:
"İnanc hər bir insanın fərdi və şəxsi seçimidir. Lakin məktəb mühitində əsas olan şagirdlər arasında birlik və bərabərlik prinsipinin qorunmasıdır. Şagirdlərin geyimindəki fərqlər ümumi yanaşmaya və vahidlik anlayışına təsir göstərməməlidir".
Mehman Həsənli vurğulayıb ki, vahid geyim qaydaları yalnız baş örtüyü ilə bağlı deyil. Məktəblərdə geyimə və xarici görünüşə dair müəyyən məhdudiyyətlərin məqsədi ümumi nizam-intizamı qorumaq, şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını almaqdır:
"Orta Asiyanın bir sıra ölkələrində də məktəblərdə vahid geyim forması tətbiq olunur. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təcrübəsi göstərir ki, bu qayda yalnız Azərbaycana xas deyil. Valideynlər övladlarını məktəbə ilk növbədə bilik əldə etmək üçün göndərirlər. Məktəbin əsas funksiyası da məhz təhsil verməkdir. Vahid geyim formasının tətbiqi təhsil mühitində ümumi qaydaların qorunmasına xidmət edir və bu baxımdan düzgün yanaşmadır".
Aydın



