“Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə

“Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə

Bakırköydə azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovla sürücüsü Barış Aslanın məhkəməsi olub.

"Qafqazinfo” xəbər verir ki, məhkəmədə Dəmirovla Aslan vəkilləri ilə birlikdə, E.İsmayılovun atası İlyas İsmayılov, jurnalist Sevil Nuriyevanın vəkili də iştirak ediblər.

Dəmirov ifadəsində "Etimad söhbət etdiyimiz yerdə qəfil ayağa qalxdı, əlini cibinə apardı. Mən isə ehtiyat üçün özümlə götürdüyüm silahla ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi. Atası burdadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan üzr istəyirəm. O da Etimadın necə insan olduğunu bilir. Peşmanam, kaş belə hadisə olmayayadı” deyib.

İlyas İsmayılov isə Gözəl Dəmirovdan şikayətçi olduğunu bildirib:

"Türkiyənin ədalətinə güvənirəm. Oğlum onun dediyi kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst biri idi. Öz pulu ilə Somalidəki uşaqlar üçün su quyusu qazdırmışdı. Müqavilələr imzalayarkən uşaq evlərinə pul yardımı şərtini irəli sürürdü. Gözəl mənə deseəydi, oğluma xəbərdarlıq edərdim. O, mənim bir sözümü iki etməzdi”.

S.Nuriyevanın vəkili də müttəhimdən şikayətçi olduqlarını bildirib.

Məhkəmə Gözəl Dəmirovun həbsinin davamına, Barış Aslanın isə ölkə xaricinə çıxmaq qadağası və hər gün ən yaxın polis idarəsində imza verməsi şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Qeyd edək ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı iddianamədə Gözəl Dəmirovun "qəsdən adam öldürmə”, "qanunsuz silah daşıma və istifadə etmə” maddələri ilə ömürlük həbsi tələb edilir.

Barış Aslan haqqında isə "qəsdən adam öldürməyə yardım etmə”, "qanunsuz silah daşıma və ya istifadə etmə” maddələri üzrə 16 ildən 23 ilədək həbs ittihamı irəli sürülüb.

Xatırladaq ki, Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Bakırköydəki ofisində silahla öldürülüb. Onun qatili - DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov hadisəni 4 milyonluq sənəd borcu üstündə törədib. O, daha əvvəlki ifadəsində Etimadın onu pulu ödəməyəcəyi təqdirdə nəvəsini öldürməklə hədələdiyini və qətli bu səbəbdən törətdiyini bildirmişdi.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğludur.

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR