Xəbər lenti

Mənzilin kvadratmetri çatışmırsa, pulu geri almaq olar? – Ekspert açıqladı
Ekonomiks 17:14 20.07.2026

Mənzilin kvadratmetri çatışmırsa, pulu geri almaq olar? – Ekspert açıqladı

Azərbaycanda mənzil alanların ən çox üzləşdiyi problemlərdən biri müqavilədə göstərilən sahə ilə çıxarışda qeyd olunan sahənin fərqli olmasıdır. Bəs belə hallarda alıcı tikinti şirkətindən çatışmayan kvadratmetrlərin dəyərini tələb edə bilərmi?

Biznes məsləhətçisi Çinarə Ağayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe həm alıcılar, həm də tikinti şirkətləri üçün mühüm aydınlıq yaradır.

Onun sözlərinə görə, çıxarışda sahənin müqavilədə göstəriləndən az olması hər zaman alıcının aldadıldığı anlamına gəlmir:

"Məsələnin əsas səbəbi ondan ibarətdir ki, müqavilədə  göstərilən sahə ilə çıxarışda qeyd olunan sahə eyni qayda ilə hesablanmır. Çıxarış hazırlanarkən balkon, terras və bəzi digər  açıq sahələr qanunvericilikdə müəyyən edilmiş əmsallarla hesablanır. Buna görə də çıxarışdakı ümumi sahə çox vaxt  müqavilədə göstərilən göstəricidən kiçik olur. Bu isə avtomatik  olaraq tikinti şirkətinin öhdəliyini pozduğu anlamına gəlmir".

Ekspert vurğulayıb ki, əsas meyar müqavilənin şərtləridir:

"Əgər müqavilədə mənzilin sahəsinin hansı qaydada  hesablandığı açıq şəkildə göstərilibsə, mübahisə də həmin şərtlər əsasında həll olunmalıdır. Belə bənd yoxdursa, mənzilin  faktiki sahəsi müstəqil şəkildə ölçülməli və müqavilədə göstərilən göstərici ilə müqayisə edilməlidir. Əgər ölçmə  nəticəsində faktiki sahənin müqavilədə nəzərdə tutulandan az olduğu müəyyən edilərsə, alıcı çatışmayan kvadratmetrlərin dəyərinin ödənilməsini tələb edə bilər".
 


Çinarə Ağayeva vurğulayıb ki, Ali Məhkəmənin hüquqi  mövqeyində kompensasiyanın hesablanması ilə bağlı da mühüm məqam yer alır:

"Çatışmayan sahəyə görə kompensasiya hesablanarkən  mənzilin illər əvvəl alındığı qiymət deyil, məhkəmə baxışı zamanı bazarda formalaşmış qiymətlər əsas götürülə bilər. Son  illər daşınmaz əmlak bazarında qiymətlərin artdığını nəzərə alsaq, bu yanaşma alıcıların hüquqlarının daha effektiv qorunmasına xidmət edir".
Ekspert vətəndaşlara daha bir vacib məqama diqqət yetirməyi  tövsiyə edib:

"Sahə çatışmazlığı ilə bağlı iddia qaldırmaq üçün qanunvericilik  beş illik müddət müəyyən edir və bu müddət çıxarışın verildiyi tarixdən deyil, mənzilin alıcıya təhvil verildiyi gündən hesablanır. Buna görə də vətəndaşlar mənzili qəbul etdikdən  sonra onun sahəsini vaxtında ölçdürməli və hər hansı uyğunsuzluq olarsa, hüquqlarını gecikmədən müdafiə etməlidirlər".

Çinarə Ağayevanın sözlərinə görə, Ali Məhkəmənin bu hüquqi  mövqeyi daşınmaz əmlak bazarında uzun illər mübahisə doğuran məsələlərdən birinə aydınlıq gətirir və gələcəkdə həm alıcıların, həm də tikinti şirkətlərinin müqavilə münasibətlərində daha diqqətli davranmasına səbəb olacaq.

Ekspert vurğulayıb ki, dDünyanın bir çox ölkəsində də mənzilin ümumi sahəsinin hesablanması üçün fərqli metodlardan istifadə edilir:

”Məsələn, Almaniyada balkon və terrasların sahəsi yaşayış sahəsi ilə eyni qaydada hesablanmır və bu barədə alıcı əvvəlcədən məlumatlandırılır. Fransada isə qanunvericilik alıcını  daha sərt şəkildə qoruyur. Belə ki, mənzilin faktiki sahəsi müqavilədə göstərilən sahədən qanunla müəyyən edilmiş  həddən artıq az olarsa, alıcı ödədiyi məbləğin müvafiq hissəsinin geri qaytarılmasını tələb etmək hüququna malikdir.  Bu cür yanaşmalar daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına və alıcı etimadının qorunmasına xidmət edir”.

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->