Azərbaycan Mərkəzi Bankının (AMB) 2014cü il üçün əsas məqsədlərindən biri manatın sabitliyini qoruyub saxlamaqdır.
Apa-nın məlumatına görə, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin bu gün keçirilən müzakirəsi zamanı AMB sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, digər məqsədlərə ölkə iqtisadiyyatı və pul siyasətinin stabilliyinin təmin etməkdir.
AMB sədri parlamentin iclasında ipoteka kreditləşməsi ilə bağlı səsləndirilən təkliflərə də münasibət bildirib: «Mənzil məsələsi olduqca vacib bir məsələdir. Bu gün ipoteka və mənzil problemlərini dövlətin üzərinə yıxmaq düzgün deyil. Avropada ipotekanın 100 yaşı var. Bizdə isə bu, yeni başlamış bir metoddur. İpotekanın əsas prinsipi ucuz mənzillərin tikilməsinə nail olmaqdır. Bu gün Azərbaycan Türkiyə təcrübəsini öyrənir».
E.Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycanda uzunmüddətli ipotekanın verilməsinə nail olmaq üçün banklar uzunmüddətli kreditlər əldə etməlidir: «Buna nail olmaq üçün biz bu gün Maliyyə Nazirliyi ilə danışıqlar aparırıq».
AMB başçısı ölkədəki bankların kreditlər üzrə faiz dərəcələrinə də toxunub: «Bəli, bu gün Azərbaycanda bank faiz dərəcələri yüksəkdir. Amma bu elə də böyük problem yaratmır. Bu gün Azərbaycanda istehlak kreditlərinin dərəcəsi 17%, biznes kreditlərinin isə 14-15%-dir. Azad iqtisadi bazardır, tələb var, təklif var. Əgər bu gün banklar bu faizlərlə kredit verirsə, deməli buna tələbat var. Tələbat olan yerdə isə, təklif də olur».
Qaynar.info
Şərhlər