Ölkə 11:36 14.01.2021

Mərkəzi Banka 450 milyonluq bina lazımdırmı və bu pula nələr etmək olar? (TƏHLİL)

Mərkəzi Bank üçün tikiləcək yeni bina gündəmin baş mövzusuna çevrilib. Ölkədə iqtisadi vəziyyətin ağır olmasını və işğaldan azad olunmuş ərazilərin bərpası məsələlərinin aktual olduğu bir dönəmdə Mərkəzi Bank üçün belə bir binanın tikilməsi sərt tənqid olunur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkətiylə müqavilə imzalayıb. Layihənin dəyəri 218 milyon avrodur.

"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Yeri gəlmişkən xatırladaq ki, Mərkəzi Bank yarım milyardlıq binanı öz vəsaiti hesabına tikəcək. Yəni, dövlət büdcəsinin vəsaitləri belə bahalı layihəyə xərclənməyəcək. Amma bütün hallarda Mərkəzi Bankın ehtiyatları da ictimai vəsaitlərdir, bu vəsaitlərin səmərəsiz xərclənməsi ölkə iqtisadiyyatı üçün problemlər yarada bilər. Çünki Mərkəzi Bank ölkənin pul-kredit siyasətini həyata keçirən orqandır və milli valyutamızın məzənnəsinin optimal həddə qalması üçün Mərkəzi Bankın ehtiyatları önəmli rol oynayır.

Qaynarinfo xatırladır ki, son illər Azərbaycanda bir-çox dövlət qurumları - nazirliklər, komitələr, təhlükəsizlik və məhkəmə orqanları, dövlət müəssisələri üçün yeni ofis binaları tikilib. Bunların tikintisinə dövlət büdcəsindən dəyəri 100 milyonlarla manatla ölçülən vəsait xərclənib. Məsələn, Neft Fondunun binası - 110 milyon avro, Dövlət Neft Şirkətinin yeni binası - 350 milyon dollar, "Azərsu”nun yeni binası isə 120 milyon manata başa gələcək.

İqtisadçı ekspert Qubad İbadoğlu Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə 450 milyon manat xərclənməsi israfçılıq sayıb: 
 
 

"Əvvala, planlaşdırılan vəsait həddindən çox  şişirdilmiş görsənir. Baxın, 32 mərtəbəli 1 inzibatı  binanın tikintisinə xərclənəcək 450 milyon manat baş bankir Elman Rüstəmovun anadan olduğu Cəbrayıl rayonunun bütövlükdə bərpası üçün nəzərdə tutulan vəsaitin  20 faizi qədərdir. 

İkincisi, hazırkı dövrdə bu qədər israfçılığa getmək olmaz. Nəzərə alsaq ki, Qarabağın böyük bərpa planı üçün yaxın 3 ildə 8,6 milyard manat xərclənməlidir. Bu xərci ödəməyə gücü çatmayan, maliyyə təminatını borc vəsaitləri hesabına xaricdə axtaran, pul yığmaq üçün gündə bir Fond yaradan ölkənin Mərkəzi Bankının bu qədər bədxərclik etməsinə nə lüzum var? 

Nəhayət, bankların bağlandığı, manatla və valyuta ilə depozitlərin həcminin azaldığı, cəmi  kredit qoyuluşlarının aşağı düşdüyü, milli  iqtisadiyyatda 4 faiz enişin qeydə alındığı indiki şəraitdə belə bahalı inzibatı binanın tikintisinə 450 milyon manatın xəcrlənməsinə qərar verənlər başa düşməlidirlər ki, böyük binaların istismar və saxlanma xərcləri də çox olur”. 

Ekspert xarici ölkələri mərkəzi banklarının binaları ilə Azərbaycan Mərkəzi Bankının yeni inzibati binası arasında müqayisə də aparıb: 

"144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli,  İsveçrə Mərkəzi Bankının binası isə 4 mərtəbədir. 10 milyon əhalisi olan Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati bina tikiləcək və hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək. Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək…”

Ekpsert 450 milyon vəsaitlə ölkə üçün faydalı sayıla biləcək işlərin həyata keçirilə biləcəyinə diqqət çəkib: 

"Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin maya dəyəri 350 manat olacaq. Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb.

450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərində 2 il ərzində magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar”.

Orxan Əhmədli