Xəbər lenti

Dünya 10:35 13.08.2020

Məşhur Belarus İT-çiləri də siyasətə qarışdı: Hakimiyyətə xəbərdarlıq

"Belarus İT sektorunda çalışan 300-dən çox direktor hakimiyyətə müraciət edib”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Belarusda keçirilən Prezident seçkilərindən sonra yaranmış vəziyyəti şərh edərkən deyib. Politoloq bildirib ki, müraciətdə zorakılığın dərhal dayandırılması, həbs olunanların buraxılması və yeni, demokratik seçkilər keçirilməsi əks olunub: 

"Xəbərdarlıq ediblər ki, vəziyyət dəyişməsə, mütəxəssislərin ölkədən kütləvi axını başlayacaq, sektorun inkişafı və investisiyalar dayanacaq, nəticədə bu sahədən büdcəyə vergi daxilolmaları da azalacaq. Belarusla az-çox maraqlananlar orada İT sektorunun ciddi inkişaf etdiyini bilirlər. Bu sahədə təxminən 1500 şirkət fəaliyyət göstərir və 85 mindən çox adam çalışır. Belarus İT şirkətlərinin 50-dən çox ölkədə, o cümlədən ABŞ, Kanada və AB ölkələrində müştəriləri var. 2018-ci ildə bu sahənin 3,1 milyard dollar gəliri olub. İT sektorunun ÜDM-də payı 5,7 faizdir. Müqayisə üçün deyim ki, tikintinin payı 5,4%, nəqliyyatın 5,8%, kənd və meşə təsərrüfatının payı isə 6,4%-dir. Yəni, İT-çilərin siyasətə qarışması önəmli məsələdir”.

Şahin Cəfərli qeyd edib ki, dövlət televiziya kanallarından da istefalar başlayıb:

"Artıq 4 jurnalist işdən ayrılıb. Litva, Latviya və Polşa Lukaşenkonu yeni seçki keçirməyə çağırıblar. Sabiq Ukrayna prezidenti Poroşenko da eyni çağırışı edib. Cümə günü Avropa Birliyi Belarus rejiminə qarşı sanksiyaların bərpasını müzakirə edəcək. Mən bu seçkilərin Lukaşenkonu bitirdiyi barədə fikrimdə qalıram”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?