Metyu Brayza: "Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir" (VİDEO)
"Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi region üçün böyük əhəmiyyət kəsb edən məsələdir”.
Bu fikirləri "Report”un Davosa ezam olunmuş müxbirinə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ-ın dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza (Matthew Bryza) bildirib.
"Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın əhəmiyyəti olduqca böyükdür. Platforma zamanı Əfqanıstan, Orta Asiya ölkələri də daxil olmaqla Böyük Xəzər regionu ölkələrinin iqtisadi, ticarət perspektivlərinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbirdə region ölkələri hökumətlərinin dəstəyi ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib mövzulara toxunulacaq. Lakin fikrimcə, burda ən əhəmiyyətli olan məsələ Xəzər regionunda Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələsidir. Platforma zamanı mən bu məsələ ətrafında öz fikirlərimi və təcrübəmi bölüşəcəyəm. Bu mövzu mənə çox yaxındır və məni 20-25 il bundan əvvəllərə qaytarır. Yadıma düşür ki, biz Azərbaycan hökuməti, Heydər Əliyev, neft şirkətləri ilə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsi üzərində necə işləyirdik. Bu platforma yaradıcı fikirlərin, qlobal ideyaların platformasıdır".
Qeyd edək ki, Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə "Caspian Week" forumu təşkil edilir.
"Caspian Week" forumunu hər il keçirmək fikri Dünya İqtisadi Forumunun üzvü olan İsveçrənin "İntegral Petroleum SA” şirkəti tərəfindən 2017-ci ildə irəli sürülüb. Həmin vaxtdan forum hər il uğurla həyata keçirilir.
"Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Regionu (Xəzər və Qara dəniz hövzələrinin ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələri, rəqəmsal və s. yeni texnologiyaları cəlb etməkdən ibarətdir. Builki forumda Gürcüstanın Baş naziri Giorgi Qaxaria, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, A+A şirkətlər qrupu prezidentinin Qazaxıstan və Azərbaycan üzrə müşaviri Andreas Baumqartner, "Fiat” şirkətinin keçmiş prezidenti Baber Badat kimi nüfuzlu şəxslər nitq söyləyəcəklər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər