Sənət 14:15 04.12.2021

Meyxanaçı Ağamirzə şairədən Kərimlə bağlı statusunu silməyi xahiş etdi

"Ailəsi istəmir, güclə deyil ki... Bu işlər dava ilə olmaz". 

Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Ağamirzə şairə Nazilə Səfərlinin uzun illərdir xəstə yatağında olan həmkarı Ağakərimin ziyarətinə gedərkən ailəsinin ona qapı açmamasına aydınlıq gətirərkən deyib. Meyxanaçı Ağamirzə bildirib ki, Kərimə baş çəkməyə gedərkən onun özü də ailəsindən icazə alır:  

"Ola bilər ki, elə bir vəziyyətdir ki, qapını açmağa hazır deyillər, bəlkə xəstəni çimizdirirlər, yaxud altını-üstünü təmizləyirlər? Kərim çox ağır xəstədir, əl vurmaq mümkün deyil. Ona iynə vurmaq belə çətindir. Mən özüm 4-5 aydan bir gedirəm. Getməmişdən öncə zəng edirəm, vaxt təyin edirlər, sonra gedirəm. Axırıncı dəfə 15 dəqiqə oturdum, mənimlə bir kəlmə danışmadı, ancaq baxır. Nazilə xanımda günah yoxdur, amma buna görə onları da günahlandırmayaq. Ona çox səs olmaz".

Meyxanaçı Ağamirzə Nazilə xanımdan xahiş edib ki, meyxanaçı Ağakərimlə bağlı paylaşımını silsin:

"Dedi ki, silməyəcəm. Dedim, gəlmisən xəstəyə dəyməyə, onu sən bildin, mən bildim, bu işlər Allah yolundadır. Elə bil mənim yanıma gəlmisən. Mən onu çox sevirdim. Kərim bu gün xəstələnməyib axı. 5 ilə yaxındır xəstədir. Kərimin babat vaxtları olub, gərək onda gələydilər".  

Qeyd edək ki, şairə Nazilə Səfərli 5 ildən yuxarıdır xəstə yatağında olan meyxana ifaçısı Ağakərimi ziyarət etməyə gedib. Amm ifaçının ailəsi ona qapı açmayıb.

Bahar Rüstəmli