Şahin Cəfərli

Blogger
Yazılar
24
Milli ideologiya nədir və olmalıdırmı?

Milli ideologiya nədir və olmalıdırmı?

Şahin Cəfərli

Azərbaycan siyasətçiləri tez-tez milli ideologiyanın zəruriliyindən danışırlar. (Son olaraq Gültəkin Hacıbəyli bu barədə yazıb.) Cəzibəli söz birləşməsidir, amma hələ heç kim aydın izah etməyib ki, bu nə deməkdir. Milli ideologiya hansısa yazılı və bütün ölkə ərazisində məcburi hüquqi qüvvəyə malik rəsmi sənəd şəklində mövcud olmalıdır, yoxsa necə? Əgər rəsmi sənəddə əks olunmalıdırsa, onda unudulmamalıdır ki, heç bir hüquqi sənəd (qanun, normativ akt) Konstitusiyaya zidd ola bilməz. Əgər hansısa ideologiyanın konstitusion tələb şəklində müəyyənləşdirilməsi və toplumun məcburi qaydada bu qəlibə uyğunlaşdırılması nəzərdə tutulursa, onda bu artıq totalitar dövlət deməkdir. Məsələn, vaxtilə tərkibində olduğumuz SSRİ-nin də rəsmi ideologiyası var idi: marksizm-leninizm. İdeoloji dövlətə bariz misal kimi Hitler Almaniyasını da göstərmək olar, onların rəsmi ideologiyası nasizm idi. Müasir dövrdə də milli ideologiyası olan dövlətlər var, məsələn, Şimali Koreyanın rəsmi ideologiyası "çuçxe”dir. İndi milli ideologiyadan bəhs edən siyasətçilərimiz gərək izah etsinlər ki, onlar da bu tip dövlət yaratmaq istəyirlər?

Şübhəsiz ki, hər müstəqil dövlət kimi, Azərbaycanda da xalqı, vətəndaşları birləşdirən, bir arada tutan ümimi hədəflər, prinsiplər, dəyərlər olmalıdır. Bu hədəfləri, prinsipləri və dəyərləri axtarmaq üçün əziyyət çəkməyə ehtiyac yoxdur, Azərbaycan Konstitusiyasının Preambula hissəsində bunlar qeyd edilib:

"Azərbaycan xalqı ......... təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- Xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- Ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.”

Xülasəsi budur ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, hakimiyyətin xalq iradəsi ilə formalaşdırılması, Azərbaycanın demokratik-hüqiqi dövlət olması, vətəndaş cəmiyyətinin fəaliyyətinə təminat verilməsi, sosial dövlətin və əhalinin rifahının təmin edilməsi, eləcə də ümumbəşəri dəyərlər Azərbaycan xalqını birləşdirən ümumi dəyərlərdir. (Preambulada yox, maddələrdə göstərilmiş dövlət dilini də birləşdirici dəyər kimi bura əlavə edək.) Milli ideologiya axtarırsınızsa, bundan daha yaxşısını tapmaq çətindir, çünki yalnız qeyd olunan (və oxşar) prinsiplər əsasında ölkə daxilində bütün təbəqələrin, bütün etno-konfessional qrupların ümummilli konsensusuna nail olmaq mümkündür. Yəni hər kəsin qanun qarşısında bərabər olduğu, hüquqlarının təmin edildiyi, heç bir ayrı-seçkiliyə yol verilmədiyi, hər kəsin öz seçmə-seçilmə hüququnu maneəsiz həyata keçirdiyi, dünyəvi, demokratik Azərbaycan Respublikası dövləti... Yeri gəlmişkən, bu prinsiplər "əxlaqsız” Qərb liberal-demokratiyasının nailiyyətləridir və 1918-ci ildə qurucu babalarımız da dövləti məhz bu prinsiplər üzərində bərqərar etmişdilər.

Bəzi müxalifət nümayəndələri özlərinin də nə olduğunu aydın izah edə bilmədikləri mücərrəd milli ideologiyadan yapışmaqdansa, hakimiyyətdən bu konstitusion tələblərin praktikada reallaşdırılmasını tələb etsinlər.

Dövlətin vahid ideologiyası olmamalıdır, amma vətəndaşlar ayrı-ayrı siyasi partiyaların ideologiyaları ətrafında birləşə bilər.

OXŞAR XƏBƏRLƏR