Milli Musiqi Günümüzə böyük töhfə: Dövlət himnimiz ispanca səsləndirildi (VİDEO)

Milli Musiqi Günümüzə böyük töhfə: Dövlət himnimiz ispanca səsləndirildi (VİDEO)

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi və Kubanın tanınmış "Coro de Cámara Vocal Leo" xoru möhtəşəm bir layihəyə imza atıb.
 
Kubanın "Coro de Cámara Vocal Leo" xoru ilk dəfə Azərbaycan Respublikasının Dövlət himnini ispan dilində səsləndirib. Bu layihə  Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən Azərbaycan Milli Musiqi Gününə həsr olunur.

Xalqımız dahi Üzeyir Hacıbəylinin doğum gününü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur. 

Milli Musiqi Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da paylaşım edib.
 
Paylaşımda deyilir:

"18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm.

Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!"

Onu da vurğulamaq olar ki, beynəlxalq aləmdə Azərbaycan musiqisi haqda geniş təsəvvür var. Bunu da dünya şöhrətli bəstəkarlarımız yaradıb. Üzeyir Hacıbəylinin bir sıra opera və operettaları, klassik musiqi əsərləri həm yerli musiqi kollektivlərinin, həm də xarici orkestrlərin ifasında təqdim edilir. 

Qeyd edək ki, Kubanın tanınmış "Coro de Cámara Vocal Leo " xoru 1993 -cü ildə təsis olunub və Kuba, Meksika, İspaniya, Argentina, Almaniya, Qvatemala, Ekvador, Kolumbiya, ABŞ kimi ölkələrdə ən əhəmiyyətli festivallarda iştirak edib.

İspan dilində ilk dəfə səsləndirilmiş himnimizi sizə təqdim edirik:
XƏBƏRLƏR
BLOGLAR
X