Xəbər lenti

Milli Onkologiya yazıçının oğlunu şikəst etdi - FOTOLAR
Sənət 21:30 24.10.2014

Milli Onkologiya yazıçının oğlunu şikəst etdi - FOTOLAR

Tanınmış yazıçı Rasət Pirisoyu 2002-ci ildə qəyyumluğa götürdüyü Məhəmməd Mehdizadənin səhhəti ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirilməsini istəyir.

Axar.az-a açıqlamasında yazıçı M.Mehdizadənin 8 aya yaxındır Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında müalicə aldığını deyib:

“Müalicə həkiminin məlumatına, müayinələrin və MRT-nin nəticələrinə görə, uşaqda yaxşılığa doğru böyük irəliləyiş var. Amma 15 oktyabrda bizi uşağın yanından uzaqlaşdırdıqdan sonra MOM-da uşağın müalicəsini dayandırmaq qərarına gəliblər. Bu isə faktiki uşağı öldürmək deməkdir”.

Həkimlərin belə qərar verməsinin səbəblərinin ona qaranlıq qaldığını deyən R.Pirisoyu ölkə başçısına müraciət edib. “Cənab Prezident! Allah xatirinə, talesiz uşağı xilas etməyi Sizdən xahiş edirəm”, - deyə müraciətdə deyilir.

“Soyuq abses”, yoxsa bədxassəli şiş?

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan Məhəmməd Mehdizadə 2002-ci ilin oktyabrında Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə yazıçı Rasət Pirisoyunun qəyyumluğuna verilib. Əlilliyi olan uşaq 2010-cu ildə xroniki böyrək çatmazlığı diaqnozu ilə müalicə alıb. Qəyyumunun uzunmüddətli yazışmalarından sonra 2013-cü ilin aprelində uşağa böyrək köçürülüb.

“2013-cü il noyabrın 26-da uşaq şiddətli bel ağrıları ilə Mərkəzi Neftçilər Xəstəxanasında torakoabdominal kompüter tomoqrafiyasından keçdi. Onun səkkizinci fəqərəsində şiş olduğu üzə çıxdı. Həkim şişin bədxassəli ola biləcəyindən şübəhələndi. Bundan sonra uşaq 1 saylı xəstəxanada kontrastlı MRT-dən keçdi və ona “soyuq abses” diaqnozu qoyuldu. Dekabrın 13-də Milli Onkologiya Mərkəzində uşağı MRT-dən keçirən həkim Anar Kazımov uşaqda bədxassəli şiş olmadığı qənaətinə gəldi”.

Biopsiya əvəzinə uğursuz əməliyyat

Bundan sonra R.Pirisoyu əldə etdiyi nəticələr əsasında M.Mehdizadəni Milli Onkologiya Mərkəzinin cərrahlarına göstərib. Bu cavablar da onu qane etmədiyindən araşdırmalarını davam etdirib. Mütəxəssislərin məsləhəti ilə şişin vərəm mənşəli olub-olmamasını aydınlaşdırmaq üçün uşağın qan analizini Türktyəyə göndərib. Oradan M.Mehdizadənin onurğasındakı şişin vərəm mənşəli olmadığı barədə cavab gəlib.

“2013-cü il dekabrın 30-da Milli Onkologiya Mərkəzində konsilium çağırıldı və burada şişin onkoloji xarakter daşımadığı barədə qərar qəbul olundu. Bu barədə mənə baş həkimin imzası ilə arayış verildi. Bundan sonra uşağı “soyuq abses”dən xilas etmək üçün əməliyyət tədbirləri başlandı. Mən dedim ki, uşağı yarmayın. Azərbaycanda biopsiya apara bilən həkim var. Onu dəvət edək, analiz etsin, sonra qərar verək. Lakin mənim xahişim nəzərə alınmadı”.

2014-ü il fevralın 6-da M.Mehdizadəni əməliyyat edən cərrah Əbülfəz Soltanov uşağın xərçəngə yoluxduğunu və artıq metastaz verdiyini deyir. 3 aya yaxın ölümlə çarpışan M. Mehdizadəyə kimya terapiya edilir. Bundan sonra vəziyyəti yaxşılaşır, analizlərin nəticələri böyük ümidlər yaradır.

R.Pirisoyu gözlənilmədən uşağın evə göndərilməsinə qərar verildiyini deyir.

Qəfil qərarın səbəbi qəyyuma açıqlanmır

“Növbəti kimya terapiyaya intensiv hazırlıq getdiyi bir məqamda Milli Onkoloji Mərkəzin baş həkimi Azad Əbdürrəhimov Məhəmmədin xəstəxanadan çıxarılması məsələsini qaldırdı. Bizi isə uşaqdan uzaqlaşdırdılar, uşağın yanına buraxmadılar. Konsilium çağırılıb kimya terapiyanın nəticələri haqqında yalan məlumata əsaslanan rəy formalaşdırdılar. Bundan sonra Məhəmmədin müalicə həkimi Günel Ələsgərova da mənim telefon zənglərimə belə cavab vermir, uşağa yoluxmağı ikinci dəpəcəli işi kimi baxır. Qəyyumlara təzyiq vasitəsi kimi uşaq baş həkim tərəfindən girov saxlanılır”.

Yazıçının söylədiklərinə aydınlıq gətirmək üçün MOM-un baş həkimi Azad Abdürrəhimovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Telefonu qaldıran xanım əvvəl həkimin toplantıda olduğunu dedi. Sonradan iş gününün başa çatdığını və baş həkimin yalnız bazar ertəsi işə çıxacağını bildirdi.

Məsələni diqqətdə saxlamağa çalışacağıq.


Qaynar.info



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->