Bu gün- 28 may İstiqlal Bayramı- Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra demokratik qüvvələrin təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü başlayıb.
Musavat.com-un məlumatına görə, axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar. Geniş və konstruktiv məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.
Beləliklə, 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi xalqa təqdim ediləcək.
Şərhlər