Xəbər lenti

Milli Şuranın üzvü: "Mən bu namizədliyi qəbul etmirəm"
Siyasət 16:56 05.09.2013

Milli Şuranın üzvü: "Mən bu namizədliyi qəbul etmirəm"

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli iddia edib ki Milli Şuranı böhrandan o xilas edib.

Belə ki, hazırkı vahid namizəd Cəmil Həsənlinin namizədliyinin ilk dəfə onun tərəfindən irəli sürüldüyünü deyən G.Hacıbəyli bildirib ki, Milli Şurada vahid namizəd böhranı yarananda o, təşəbbüs irəli sürərək yaranmış vəziyyətdən çıxış yolunu göstərib. Nəhayət, hər kəs kompromisə gəlib və bu gün ortada olan güclü Milli Şuranın formalaşması baş tutub.

Milli Şura üzvü, Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva Publika.Az-a açıqlamasında bununla razılaşmadığını deyib. Onun sözlərinə görə, avqustun 12-də keçirilən sessiyada doğrudan da G.Hacıbəyli Cəmil Həsənlinin namizədliyini irəli sürüb: “Amma Cəmil Həsənli buna etiraz edərək, belə yükün altına girə bilməyəcəyini açıqladı və o zaman onun namizədliyi gündəmdən düşdü. Növbəti sessiyada isə Gültəkin xanım təklif irəli sürdü ki, vahid namizəd ya İsa bəy, ya da Əli bəy olsun. Bu namizədlərin də üzərində dayanılmadı. Ondan sonrakı sessiyada Cəmil Həsənlinin vahid namizəd seçilməsi Rüstəm İbrahimbəyovun məktubu əsasında baş tutdu. Yəni kimin nə deməsindən asılı olmayaraq, bunu R.İbvrahimbəyov etdi”.

ACP rəsmisi diqqətə çatdırıb ki, Gültəkin Hacıbəyli hər sessiyada kiminsə namizədliyini irəli sürürdü. Onun sözlərinə görə, məsuliyyəti Cəmil Həsənlinin üzərinə yıxıblar və iddia edirlər ki, bu onların uğurudur: “Mən bu namizədliyi ümumiyyətlə qəbul etmirəm. Çünki prezident ola biləcək adam 10 gündən bir qərarını dəyişirsə, bu, yanlışdır. Digər tərəfdən, Cəmil Həsənli digərlərinin fikirlərini nəzərə almadığını deyir. Bu onun vecinə deyil. Hələ prezident olmamış vətəndaşların hüquqlarını pozur. Sabah o namizədin taleyi nə olacaq, hansı bəlanı gətirəcək, bunu qısa vaxtda görəcəyik. Hesab edirəm ki, bunun yanlış addım olduğunu qısa zamanda cəmiyyət də, namizəd də, onu dəstəkləyənlər də görəcək. Arxı tullanıb, sonra ox demək lazım idi”.

Z. Dünyamalıyeva qeyd edib ki, onlara sərf etdiyi, eləcə də maraqları təmin olunduğu üçün Cəmil Həsənlini qabağı veriblər: “Yoxsa onlar Cəmil Həsənliyə heç vaxt güzəştə getməzdilər. Bu gün onlar vahid “namizədi biz etmişik” deməklə bunu özlərinə şöhrət bilirlər. İndi bununla öyünürlər, amma sabah uduzsalar qoyub qaçacaqlar”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->