İdman 09:45 28.10.2021

Millimizin baş məşqçisi: “Avropa çempionatında qrupdan çıxacağımıza əmin idik”

U-17 millimiz Avropa çempionatının cari tsiklindən kənarda qaldı. Buna səbəb isə yığmanın bir neçə üzvünün koronavirus testinin nəticəsinin pozitiv çıxması idi. Belçikada keçirəcəkləri oyunlarda çıxış etmək üçün sözügedən ölkəyə yollanan millimizin 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ”) - COVID-19 testi xoşagəlməz nəticə verdi. Bütün komanda Belçikadakı qaydalara əsasən karantin rejiminə salındı. Belədə futbolçuların məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında yığmanın Avropa çempionatının seçmə mərhələsindən kənarlaşdırılması qərara alındı. Bu, həm də o anlama gəlir ki, tsikl üçün yığılan heyətin də Avropa çempionatı görmək arzusu ürəklərində qaldı. Çünki artıq növbəti tsikl üçün U-17-yə yeni, yaşı uyğun futbolçular cəlb olunmalıdır. Bəs bu mənada baş məşqçi Aqil Nəbiyevin qarşıdakı planları necədir? 

Yeni komandanı toplamaqda hansısa çətinliklər yaşaya bilərmi? Qaynarinfo bu suallara elə onun özündən cavab alıb. 

- Komanda məlum səbəblərdən Avropa çempionatının cari tsiklində iştirak edə bilmədi. Bundan sonrakı planlarınız ncədir?

- Gözləmədiyimiz problemlərlə üzləşdik. Bir tərəfdən pandemiya, digər tərəfdən bu futbolçuların iştirak etdiyi liqaların keçirilməməsi işimizə mane oldu. Buna baxmayaraq, qısa-qısa da olsa, yanvardan etibarən hər ay toplanış edirdik. Klublarda məşq keçirilmədiyi üçün, düşünürdük ki, Avropa çempionatına az da olsa, hazır vəziyyətdə yollanaq. Açığı, heç pis hazırlaşmamışdıq. 10 ay ərzində yaxşı hazırlıq keçmişdik.Yoldaşlıq matçlarımız olmuşdu. Avropa Çempionatına tam hazır olmasaq da, qrupdan çıxacağımıza böyük ümidlər bəsləyirdik. Səfərə yollandıq, futbolçuların testi pozitiv çıxdı. Nəticədə bizi turnirdən kənarlaşdırdılar. Azərbaycandayıq, nələr olacağını gözləyirik. Bilirsiniz ki, U-19-un da noyabrda oyunları olacaq. İspaniya, Belçika və Lüksemburqla qarşılaşacaqlar. Avropa Çempionatından kənarda qalmağımızla yanaşı, bu komandada 17 yaş da bitdi. Yəqin ki, yaxın günlərdə qərar veriləcək. Hələ baş U-19-a qarışdığı üçün gözləmə mövqeyindəyik.

- U-17 üçün yeni komanda toplamaq haqda qərar verilməyib?

- Xeyr, hələ ki, heç nə deməyiblər. Bizim seçmə mərhələ bir də yəqin ki, 2023-cü ildə olacaq. Bu ilin sonuna qədər isə çox güman bir şey yoxdur. Toplanışın nə vaxt olacağı haqda yəqin ki, 1 aydan sonra qərar verilər. Çünki oyunlar yoxdur. Məşqçilərlə birlikdə çempionat matçlarını izləyirik. Futbolçular haqda məlumatlar toplayırıq.

- Komanda üçün yaş olaraq tsikl bitdi və U-17 yenidən yığılmalıdır. Bəs əvvəlki futbolçulardan U-19-a neçə nəfər gedəcək, ümumiyyətlə, onların taleyi necə olacaq?

- Onarın arasında perspektivli uşaqlar var. Özlərindən yaşca böyük olan uşaqlardan ibarət komandalarda da oynaya bilərlər. Noyabrda oynayacaq U-19-un heyəti 2003 təvəllüdlü futbolçulardan təşkil edilib. Mənim rəhbərlik etdiyim komanda isə 2004 təvəllüdlü uşaqlardan ibarət idi. İnanıram ki, onların arasından bir neçə futbolçu digər yığmalarımıza dəvət alacaq. Yaxın günlərdə U-19-un toplanışı başlamalıdır. Hazırda əvəzedicilərdə, Birinci Divizionda oynayan futbolçularımız var ki, klublarında daim əsas heyətdə yer alırlar, qol da vururlar. Az olsa da, daha yuxarı yaş qruplarında oynaya biləcək perspektivli uşaqlar var. Hansı ki, özlərindən bir yaş böyük futbolçulardan ibarət komandaların toplanışlarına da dəvət alırdılar. Bilirsiniz ki, komandamızın heyəti sırf azərbaycanlı uşaqlardan təşkil olunmuşdu. Kim deyirsə Azərbaycanda futbolçu yoxdur, yalandır. Perspektivli futbolçularımız var, sadəcə onları inkişaf etdirmək lazımdır. Bu da biz məşqçilərin boynuna düşür. Onların haqlarını ödəyə bilmiriksə, özümüzü aldatmış oluruq. Səhvi ilk növbədə özümüzdə axtarmalıyıq. İnkişaf etmək üçün, təbii ki, təkcə məşqlər yetərsizdir. Oyundan-oyuna daha yaxşı inkişaf edərlər. Məlum səbəblərə görə Avropa çempionatı da daxil, bu iki ili boşa verdik. Həm ölkə çempionatı yox idi, həm də sərhədlər bağlı olduğundan beynəlxalq yoldaşlıq matçları keçirə bilmədik. Nəhayət, bu yaxınlarda 3 oyun keçirmişdik. Bosniya və Hersoqovina, Gürcüstan və Türkiyə ilə oynamışdıq. Düzdür, Avropa Çempionatına hazırlaşmaq baxımından çox az idi. Biz 10-dan çox oyun keçirməli idik. İnanıram ki, çətin də olsa, bundan sonra həmin uşaqlar üçün hər şey çox yaxşı keçəcək. Perspektivli futbolçularımız var, inşallah, onlardan bir neçəsinin əsas yığmaya qədər gedib çıxdıqlarını görəcəksiniz. 

- Yenidən 17 yaşlılardan ibarət komanda toplamalı olacaqsınız. Bununla bağlı planlarınız necədir? Yeni futbolçular cəlb etmək baxımından çətinlik yaşayacağınızı düşünürsünüz?

- Ümumi olaraq 2005, 2006, 2007, 2008, 2009 və 2010 təvəllüdlü futbolçuların hamısını tanıyıram. 2019-cu ildən elit məşq layihəsi çərçivəsində çalışdığım üçün futbolçuları adbaad tanıyıram, hətta hansı ayaqla daha keyfiyyətli oynadıqlarını da bilirəm. Mənim üçün sıxıntı yoxdur. Çünki artıq liqalar başlayıb, oyunları, məşqləri izləyirəm. Bəzi, bir yaş kiçik uşaqları U-17-nin məşqlərinə dəvət edirdim. Sadəcə, son vaxtlar Avropa Çempionatına başım qarışdığı üçün komandaları izləməyə vaxtım olmurdu. İndi elit layihədə digər məşqçilərlə birlikdə məşqlərə qoşuluruq. Ona görə də uşaqları adbaad tanıyıram, hansı mövqelərdə oynadıqlarını bilirəm. 

- Son vaxtlar Bakıdan kənarda hansısa komandaların, uşaqların oyunlarını izləməyə imkanınız olubmu?

- "Qəbələ”nin, "Turan Tovuz”un bütün yaş qrupu üzrə komandalarının oyunlarını izləmişəm. Bütün uşaqlar haqda məlumatım var. Biri var ki, kimdənsə öyrənəsən, biri də var şəxsən məşqləri izləyəsən. Məşqçi kimi məşqləri izləməliyik. Çünki o komandaların içindən gələcəkdə Azərbaycana faydası dəyə biləcək futbolçular tapmaq mümkündür. Ona görə də komanda yığmaqla bağlı problem olmayacaq.

- Əvvəllər tendensiya vardı, aşağı yaş qruplarına belə, milliləşdirmək məqsədilə kənardan futbolçular cəlb olunurdu. Yəqin ki, komanda sırf azərbaycanlılardan ibarət olacaq...

- Mənim komandamda bir nəfər əcnəbi yox idi. Hamısı azərbaycanlı uşaqlar idi. Bu gün Azərbaycanda perspektivli futbolçu tapmaq məşqçilərin borcudur. Ona görə də uşaların oyunlarını izləməliyik. Bu, futbolçular üçün keçid dövrüdür. Həqiqətən mənim komandama böyük ümidlər bəsləyirdilər. O qrupdan çıxacağımıza əmin idik. Sadəcə, başımıza belə şeylər gəldi. Komandama inamım böyük idi. İlk iki yerdən birində qərar tutacaqdıq. 

- Maraqlıdır, necə oldu ki, onların testləri pozitiv çıxdı? Azərbaycandan gedəndə yoxlanılmışdılar?

- Təbii ki, test vermişdik. Səfərə yollananda mütləq testdən keçməliyik. Burada cavablar neqativ oldu. Ancaq Belçikaya gedən günün səhərisi test verdilər və 3 nəfərdə cavablar pozitiv oldu. Virus belədir ki, bir neçə gündən sonra üzə çıxır. Bu da Belçikada olduğumuz vaxta düşmüşdü. Amma bunların 16 yaşı olduğu üçün o qədər də böyük simptomlar yox idi.

- Testin nəticəsi neqativ çıxan futbolçuları oynatmaq olmazdı? Bunun üçün müraciət etmişdiniz?

- Deyə bilmərəm, olardı, ya yox. AFFA nümayəndələri də orada idi. Çox çalışırdılar, amma ölkənin qanunlarına tabe olmaq məcburiyyətindəydik. Baxmayaraq ki, UEFA-nın qaydaları bir qədər fərqlidir. Belçikada qaydalar belədir ki, yoluxma varsa, bütün komanda karantinə alınmalıdır. Yenə də irəli baxmaq, çalışmaq lazımdır ki, gələcəkdə daha yaxşı nəticələr əldə edək. 

- Testi pozitiv çıxmış futbolçularla əlaqə saxlayırsınız? Durumları necədir?

- Təbii ki, hər biri öz liqlarında iştirak edir. Onlar Belçikada karantin rejimində qaldılar, bizdən bir neçə gün sonra Azərbayacana qayıtdılar. Qayıtmamışdan öncə test vermişdilər və cavablar neqativ olmuşdu. Bəxtləri gətirmədi. Amma olsun, bunlar heç birimizdən asılı olan şeylər deyil. Dünyada baş verən problemlərdir. İnşallah, digər millilərə dəvət alarlar. Məşqçilər oyunlarını izləyir. Özlərini yaxşı göstərənlər, yığmalara dəvət alacaq. Bundan sonrası artıq futbolçuların öz üzərinə düşür. Millidə oynamaq şərəfdi. Çalışmalıdırlar ki, o formanı geyinsinlər. Bu da hər futbolçuya qismət olmur. Hər kəs onu öz üzərində daşımağı bacarmalıdır.

Səbuhi Həsənov