İdman 12:30 06.07.2020

Millimizin hücumçusu "Beşiktaş"a təklif olundu

Milli komandamızın və "Qarabağ”ın hücumçusu Mahir Emreli "Beşiktaş"a təklif olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb. Bildirilib ki, "Beşiktaş”ın prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb və Mahir İstanbul klununa təklif olunub. Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.

Qeyd edək ki, Ahmet Nur Çebi "CBC Sport”da yayımlanan "Türkiyədən futbol” verilişinə müsahibəsində bunları deyib: "Azərbaycan "Beşiktaş” üçün çox önəmlidi. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu "Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.