Ekonomiks 21:53 27.05.2018

Milyardlarla borcun yaratdığı təhlükə: sürətlə artır

Asiya İnkişaf Bankı (ADB) 2011-2017-ci illərdə Azərbaycana 4 milyard 930 milyon 380 min ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə Bankın "2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər" hesabatında bildirilir. Hesabata görə, həmin vəsaitlərin 3 milyard 922 milyon 720 min dolları yaxud 79,56 faizi suveren kreditlər və zəmanətlər, 992 milyon dolları və yaxud 20,12 faizi qeyri-hökumət kreditləri, 15,66 milyon dolları və yaxud 0,32 faizi isə texniki dəstək proqramlarına ayrılmış vəsaitlər olub.

Ayrılmış kreditlərin 1 milyard 919 milyon 300 min dolları və yaxud 39 faizi enerji sektoruna, 1 milyard 400 milyon 400 min dolları və yaxud 29 faizi nəqliyyat, 750 milyon dolları və yaxud 14 faizi dövlət sektorunun idarə edilməsinə, 630 milyon dolları və yaxud 13 faizi su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorlarına, 215 milyon dolları və yaxud 4 faizi isə maliyyə sektoruna yönəldilib.

Texniki dəstək qrantlarının isə 5,9 milyon dolları və yaxud 38 faizi enerji, 5,7 milyon dolları və yaxud 36 faizi nəqliyyat, 1,4 milyon dolları və yaxud 9 faizi maliyyə, digər 1,4 milyon dolları və yaxud 9 faizi dövlət sektorunun idarə edilməsinə, 1,3 milyon dollar və yaxud 8 faizi isə su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorları üçün nəzərdə tutulub.

Maraqlıdır, açıqlana rəqəmlər ölkə iqtisadiyyatı üçün təhlükəli hədd sayılırmı? Hazırkı iqtisadi böhran şəraitində borcun qaytarılmasında çətinliklər yaşana bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, rəsmi rəqəmlərdə də Azərbaycanın xarici borcunun sürətlə artdığı müşahidə edilir:

"Təxminən 4-5 il bundan öncə ölkənin xarici borcu ümum daxili məhsulun (ÜDM) cəmi 8 faizi həcmində idi. Bu, dünyada ən yaxşı nəticələrdən biri hesab olunurdu. Bu gün rəsmi rəqəmlərə görə xarici borcun həcmi ÜDM-un 30 faizinə yaxındır. Azərbaycanda xarici borcun hesablanma qaydalarında problemlər var. Təqdim olunan statistik məlumatlar reallığı əks etdirmir. Bu mənada ki, Azərbaycan hökuməti və Dövlət Statistika Komitəsi bu günə qədər ancaq dövlət xətti ilə alınıb istifadə edilmiş borcları hesablayır. Amma bağlanmış müqavilələr - hansılar ki, həmin kreditlər bu ilin sonu, gələn il alınacaq, bunu hesabatlarında kredit kimi göstərmir. Eyni zamanda dövlət zəmanəti ilə dövlət şirkətləri tərəfindən alınmış borclar da borc kimi sayılmır. Amma əslində bu, dövlətin borcudur. Çünki SOCAR, AZAL, Azərenerji, Azərsu kimi böyük dövlət şirkətlərinin aldığı bütün kreditlərin zəmanətçisi dövlətdir. Bunları hesablayanda Azərbaycanın xarici borcu ÜDM-nin 60 faizindən çoxdur. Borcun artım dinamikası kifayət qədər sürətlə gedir. Əsasən də son 2 ildə bu sürət daha da artıb. Bu da TANAP və TAP layihələri ilə bağlıdır. İndiyə qədər Azərbaycan hər iki layihə üçün təqribən 8 milyarda yaxın borc cəlb edib. Bundan sonra da 2020-ci ilə qədər təqribən 3-4 milyard arası növbəti borc cəlbetməsi baş verəcək. İki ildən sonra borcların intensiv geri qayıtması dönəmi başlayacaq”.

Ekspert qeyd edib ki, Azərbaycan tarixində ilk dəfə olaraq 2018-ci ilin dövlət büdcəsindən xarici borcların ödənilməsinə vəsait cəlb olunub:

"Büdcənin təqribən 2 milyard manata yaxın hissəsi xarici borcların ödənilməsinə sərf olunacaq. Bu isə büdcənin təxminən 12 faizi deməkdir. Hesab edirəm ki, gələn il, əsasən də 2020-ci ildə bu hədd daha çox olacaq və daha böyük həcmdə vəsaitin ayrılmasına ehtiyac yaranacaq. Borclanma təhlükəli həddə çatmaq üzrədir”.

Natiq Cəfərlinin qənaətincə, Azərbaycan iqtisadiyyatını yeganə xilas edən məqam ilin əvvəlindən başlayaraq neftin qiymətində kəskin artımların müşahidə olunmasıdır:

"Ötən illə müqayisədə neftin qiymətində 60 faizə yaxın artım müşahidə olundu. Bu da Azərbaycana hələlik üstünlüklər vəd edir. Bəzi borcların qaytarılmasında, eləcə də faizlərin ödənilməsində müəyyən dividentlər qazandırır. Amma bu, neftin qiymətinin həmişə yüksək səviyyədə qalması anlamına gəlmir. Yəni, yüksək neft qiymətinin zəmanəti yoxdur. Neftin qiymətinin enməsi və borc yükünün kəskin artması, Azərbaycanı yaxın 2-3 ildə çox böyük problemlərlə üzbəüz qoya bilər. Bu zaman da xarici borcun qaytarılması ölkə iqtisadiyyatı üçün böyük çətinliklər yaradacaq”.