Ölkə 17:48 24.05.2020

Mingəçevirdə qadın sürücü avtomobillə 13 nəfəri vurdu: 10-u uşaqdır (YENİLƏNİB)

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində ağır və orta ağır xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, 2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır.

Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2105-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.
 
16.19

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır. 

14.59
 
Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım "Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır. 
 
14.05
 
Mingəçevirdə "Opel” markalı avtomobil qəza törədib.

APA-nın məlumatına görə, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.