"Minsk Qrupu Qarabağ məsələsində arbitr rolunu oynayır”.
Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli rəsmi Bakının Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin əvvəlki məcrada cərəyan etməsinin artıq mümkün olmamasını bildirməsinin hansı perspektivi vəd etməsi haqda danışarkən deyib. İlkin Həsənli qeyd edib ki, rəsmi Bakının belə iddialarla çıxışı ilk dəfə deyil:
"Son 10 il ərzində müxtəlif səviyyələrdə dəfələrlə belə açıqlamalar verilib. Xüsusilə Paşinyanın Xankəndidə məşhur çıxışından sonra Bakı tərəfindən bu tərzdə səsləndirilən iddialar artıb. Xüsusilə, Azərbaycan Paşinyanın bu çıxışını Ermənistanın əleyhinə istifadə etməyə çalışıb. Tovuz təxribatından sonra yaranan situasiya Bakıya bu tip çıxışlarını artırması üçün mühüm imkanlar verir. Belə ki, ortada 25 ildən çox həll olunmayan problem, eləcə də ürəyi istədiyi zaman istədiyi cür hərəkət edib, danışıqlar prosesini baltalayan opponent var. Minsk Qrupunun rəsmi cəzalandırma funksiyasının olmaması isə İrəvanı bu tipli hərəkətlərini davam etdirməyə imkan yaradır. Digər tərəfdən Minsk Qrupu Qarabağ məsələsində arbitr rolunu oynayır. Daha dəqiq desək, rəsmi olaraq Minsk Qrupu münaqişə tərəflərinə həll variantları təqdim etməli və onların razılıq əldə etməsinə yardımçı olmalıdır. Yəni, Minsk Qrupunun səlahiyyətləri sırasında hansısa tərəfi həllə məcbur etmək kimi maddə yoxdur”.
Bəs, Bakı indiki situasiyada Minsk Qrupundan imtina edə bilərmi?
Analitikin fikrincə, Bakının bundan imtina etmək haqqı var:
"Amma indiki situasiyada bundan imtina etmək Bakıya nəsə qazandıracaqmı, sualına cavab tapılmalıdır. Minsk Qrupundan imtina faktiki olaraq danışıqlardan imtinadır ki, bu da beynəlxalq hüquq baxımından Bakı üçün heç bir problem yaratmır. Lakin burada işin başqa tərəfi bunun yaradacağı imic məsələsidir. Biz onsuz da qonşularımızın təbliğat və piyar baxımından Azərbaycanı üstələdiklərini yaxşı bilirik. Minsk Qrupundan imtina həm də onların əl-qolunu açmış olacaq. Ona görə də əgər hökumət belə çıxış edirsə, mütləq bundan sonra atacağı addımlara, qarşı tərəfdən veriləcək cavablara hazırlıqlı olmalıdır. Yəni, hökumətin buna qarşı mütləq planı olmalıdır. Başqa bir məsələ Minsk Qrupundan imtinaya onda yer alan həmsədr ölkələrin razı olub-olmayacağıyla bağlıdır. Onsuz da hələlik bu ölkələr xüsusən Qərb dövlətləri Qarabağ konfliktini görməzdən gəlməyə çalışırlar”.
Moskvaya gəlincə isə İlkin Həsənli hesab edir ki, ona bu konfliktin həlli yaxın 10-15 ildə ümumiyyətlə gərək deyil:
"Yəni Minsk Qrupundan imtina, bədii formada desək, Azərbaycanla bağlı status-kvonun pozulması anlamına gələ bilər ki, bunu da hələlik heç bir tərəf istəmir. Yəni Azərbaycan bu prosesdən imtina edirsə, o müəyyən bədəl ödəməlidir, çünki Azərbaycan danışıqlar masasına oturana qədər xeyli bədəl ödəyib. Buna isə indiki məqamda Azərbaycanın hazır olub-olmamasını daha yaxşı hökumət bilir. Əgər hökumət görürsə ki, beynəlxalq aləmdə bunun üçün imkan varsa, o zaman bu addımı atacaq. Minsk Qrupuyla bağlı başqa məqam həm də dünyada nizam dəyişikliyi prosesinin başlanmasıyla bağlıdır. Görünən odur ki, Azərbaycan bu istiqamətdə açıqlama verərkən həm də bu prosesi nəzərə alır. Əgər nizam dəyişikliyi prosesi Azərbaycanın istədiyi formada getsə, o zaman Minsk Qrupunun taleyi ilə bağlı da müəyyən aydın cavablar yaranacaq. Yəni Azərbaycanın bu qrupdan imtinası ilə bağlı şərait daha yumşaq olacaq. Qaldı ki, Minsk Qrupundan imtina ehtimalının cəbhədəki vəziyyətə təsir etməsinə, bu mütləq şəkildə olacaq. Baxın, bu gün Minsk Qrupunun həmsədri olan ölkələrdən biri açıq da olmasa Azərbaycana qarşı hibrid savaş aparır. Təkcə Tovuz təxribatı dönəmində Ermənistana göndərilən serb və İordaniya silahları ilə bağlı vəziyyətə diqqət yetirsək, bunu görərik. Serbiyanın bütün hərbi sənayesi demək olar ki, Rusiyadan asılıdır, İordaniyaya gəlincə isə bu ölkədən Ermənistana göndərilən RPG-32-nin zavodunu tikən, maliyyələşdirən (50%-ni göndərən), ona silah üçün komponentlər göndərən məhz "Rostex” korporasiyasıdır. Bu da öz növbəsində bu ölkənin oynadığı arbitr roluna ziddir”.
Analitik vurğulayıb ki, Bakı belə açıqlama ilə həm bu ölkələrin nəbzini, həm də reaksiyasını yoxlamağa çalışır:
"Azərbaycan mövcud reaksiyaları nəzərə aldıqdan sonra müəyyən addımlar ata bilər. Bu addımın nə olacağını müəyyən etmək hələ ki çətindir. Amma görünən odur ki, Əliyev indiki situasiyada Azərbaycan üçün formalaşdırılmasına cəhd edilən situasiyanı anlayır və mümkün olduğu qədər ondan çıxış yolları axtarmaqla bərabər, yeni oyun qurmağa və nizam dəyişikliyindən Bakının xeyri üçün istifadə etməyə çalışır. Belə olan halda isə Azərbaycana qarşı yeni hücumlar, xüsusilə təmas xəttində hücumlar qaçılmazdır. Ən azından indiki situasiyada Ermənistan tərəfi artıq bunu edəcəyi ilə bağlı müəyyən siqnallar verir. Daha dəqiq desək, bu, Ermənistandan çox müttəfiqinin siqnalıdır”.
Bahar Rüstəmli
Şərhlər