Siyasət 19:05 17.10.2020

Mixaylenko: "İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir?"

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, siyasi elmlər doktoru Aleksandr Mixaylenkonun media.az-a müsahibəsi

- Əlbəttə, bir razılaşma olmalıdır və siyasi həll yolu güzəştlərdən asılıdır. Həqiqətən, uzun illərdir ki, "Madrid prinsipləri”, Azərbaycan rayonlarının işğaldan azad edilməsi, bu prosesin nə qədər vaxt çəkə bilməsi, Dağlıq Qarabağın statusunun necə müəyyən olunması müzakirə olunur. Təcrübəmə əsasən, razılaşma müxtəlif səviyyəli əhəmiyyət kəsb edə bilər. Çox şey qarşılıqlı anlaşmadan, siyasi iradədən və qətiyyətdən asılıdır. Kənardan müşahidə edirəm, informasiyaları təhlil edirəm və mövcud siyasi vəziyyətin nə qədər dəyişkən olduğunun şahidi oluram.

- Siz güzəştlər barədə danışdınız. Prezident İlham Əliyev Dmitriy Kiselevə müsahibəsində Azərbaycan tərəfinin mövqeyini bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə ona bir neçə dəfə sualın ünvanlanmasına baxmayaraq, bunu edə bilmədi. Bəs tərəflərdən biri sadəcə kompromislərdən danışmırsa, necə danışıqlar prosesini aparmaq olar?

- Nikol Paşinyan Ermənistan cəmiyyətinin piramidasının zirvəsidir. Bəs onun mövqeyi cəmiyyətdə nə dərəcədə qüvvədədir? Və bu baxımdan suallar yaranır. Onu da nəzərə almaq lazımdır ki, İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Nikol Paşinyan kimdir? Xalq tribunudur? O, küçənin hesabına hakimiyyətə gəlib. Lakin bir ölkənin başında olmaq və onu idarə edə bilmək, ən çətin məsələləri həll etmək iki fərqli şeydir. Eyvana çıxıb insanlardan soruşa bilərsiniz: hansı təklifləriniz var, nə etmək lazımdır? Onun beyninə küçədən üç fikir "atılıb” və o fikirlərlə də danışıqlar prosesinə gedir...

- Siz tərəflərin bir-birinə uyğunlaşmasından da danışdınız, bu da göz önündədir. Bəs İrəvan niyə Azərbaycanın deyil, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da danışdığı şərtlərlə razılaşmaq istəmir?

- Düşünürəm ki, indi, yeri gəlmişkən, bu ilin mayında sizinlə danışdığımız "gizli diplomatiya” işləyir.