Dünya 16:25 18.11.2019

Molla rejiminə nifrət üsyana səbəb oldu: İranda nələr baş verir? (ŞƏRH)

"Son iki ildə İranda ən azı ildə iki dəfə anti-hökümət çıxışları olub. Əvvəlki çıxışlar lokal xarakteri ilə seçilir, Cənubi Azərbaycan əhalisi bu proseslərə qarışmır, uzaqbaşı Tehran və digər əyalətlərdə yaşayan azərbaycanlılar aksiyalarda iştirak edirdi. Amma  görünür ki, bu gün bu hərəkata azərbaycanlılar kütləvi şəkildə qoşulub və kəskin, anti-iqtidar, milli şüarlar səsləndirməyə başlayıblar". 

Bu sözləri Qaynarinfo-ya politoloq Qabil Hüseynli İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib. 

Siyası ekspert etirazların bu həddə çatmasının səbəbini xalqın molla rejiminə olan nifrətindən qaynaqlandığını bildirib: 

"Ayaqlanma ümumilli xarakter daşımağa başlayıb. Söhbət tək Təbrizdən getmir, Ərdəbil, Urmiya, Həmədan və digər şəhərləri də əhatə edir. Artıq digər xalqlar da molla rejiminə qarşı mübarizəyə qalxıb və mübarizədə hökümətə qarşı kəskin nifrət hiss olunur. Məsələn, dünən imam Xomeyninin üzüyünün heykəlinin sındırılıb yandırılması bu dini rejimə qarşı nə qədər böyük nifrət olduğunu əyani sürətdə göstərir. 
 


Məsələyə ABŞ və İsrailin münasibəti, xüsusilə də Amerikanın hərəkatçıları dəstəkləməsi və "yanınızdayıq” mesajını verməsi önu göstərir ki, ABŞ bu məsələdə ayağa qalxan xalqın tərəfindədir. Amerikanın tətbiq etdiyi sanksiyalar öz  nəticələrini göstərir. İranın iqtisadiyyatı çox ölümcül vəziyyətdə düşüb, əhalinin maddi güzəranı pisləşib, işsizlərin sayı həddindən artıq çoxalıb və harmoniya demək olar ki, pozulub. 

Rejim özünün ən ağır günlərini yaşayır. Amma Daxili İşlər Naziri Əbdürrza Rəhmani Fəzli çıxış edərək üsyançıları hədələyib və banklara, polis idarələrinə hücumlarda iştirak edənlərə qarşı ən ağır cəza metodlarından istifadə ediləcəyi bildirilib. Onsuz da indiyə qədər 26 adam öldürülüb və bunlar ayağa qalxanların iradəsini sarsıtmır. Düşünürəm ki, budəfəki rejimə qarşı üsyan özünün məqsədyönlüyü və sosial bazasının genişliyi ilə seçilir. Güman edirəm, bu hərəkət yüksələn xətt üzrə inkişaf edəcək və müəyyən nəticələrə gətirib çıxaracaq". 

Qeyd edək ki, İranda benzinin qiyməti 50 faiz qaldırılıb. Gözlənilməz bahalaşma vətəndaşlar arasında birmənalı qarşılanmayıb və ölkənin bir sıra şəhərlərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

Röya Kərimli
Qaynarinfo