Vüsal Bağırlı
Ölkə 15:21 14.07.2021

Mopedlər, motosikletlər, keçilər…

Vüsal Bağırlı
 
Uşaq vaxtı motosikletlər bizim üçün ekzotik nəqliyyat vasitəsi hesab olunurdu. Onlar az idilər. Yol kənarında motosiklet gördükdə, tez yaxına gəlir, maraqla onun "T" formalı sükanına, spidometrinin sürət həddinə, təkərlərinə baxırdıq. Motosikletçinin kombinzonu kosmonavt geyimini, sfera kaskası skafandrı xatırladırdı. Ətrafda adam görmədikdə, gizlincə ora-bura baxır, xəlvəti yaxınlaşır, motosikletin belinə minir, "trrnnnn" səslənib, sürməyi imitasiya edirdik.

Amma, indi hər tərəf motosikletlər, mopedlərlə doludur. Yollarda, şosselərdə, hətta, piyada səkilərində belə, onlarla rastlaşırıq. Onlar yüzlərlə, minlərlədir. Bu minik vasitələri artıq adi qəbul olunurlar və pandemiyanın, karantinin online xidmət zərurəti, tıxaclardan asanlıqla yayına bilmə qabiliyyəti, motosikletləri vacib bir nəqliyyat vasitəsinə çevirmişdir.

Motosikletlər evlərə sifariş daşıyır. Vaxt puldur. Sifarişlər mümkün qədər tez çatdırılmalıdır. Restoran, kafe rəhbərliyi motosikletlçini sürətlə sürməyə məcbur edirlər. Bu səbəbdən, tez-tez qəzalar baş verir. 

Son, bir-iki ayda, ikisi ağır xəsarətlərlərlə nəticələnmiş altı motosiklet qəzası ilə qarşılaşmışam. 
O gün, dördüncü mikrorayon dairəsi yanında daha birinin şahidi oldum. 

Səkidə addımlayarkən arxadan gələn şiddətli dırıltı səsi eşidib, təkərin altında qalamamaq üçün özümü kənara atdım. Motosiklet vızıltı və vıyıltı ilə yanımdan ötüb, gəldiyi sürətlə də döngəni buruldu. Əlimi, qolumu yoxladım, salamatlıq idi.

Həmin an metalın metala sərt toxunuş səsi eşidildi. Çatanda gördüm ki, bayaq altında qalmaqdan güclə qurtulduğum həmin motosiklet, yolun kənarında dayanmış iri gövdəli cipə çırpılmışdır. Xoşbəxtlikdən, elə ciddi bir şey baş verməmiş, motosikletçi yüngül xəsarətlərlə qurtulmuş, bahalı avtomobil isə xeyli əzilmişdi.

***

Keçilər ağıllı və cəsarətli heyvanlardır. Bu xüsusiyyətinə görə keçini həmişə qoyun sürüsünə başçı təyin edirlər. O axtarır, kəşfiyyat edir və ən yaxşı otlaqları, ən doyumlu çəmənlikləri tapmağı bacarır.

Amma, bunun riskləri və problemləri də vardır. Yem tapmaq naminə hara gəldi burnunu soxan, yarğanlardan tullanan, zirvələrə dırmanan keçi, bəzən büdrəyir, müvazinətini itirir və qayanın üzərindən kəllə-mayallaq olub birbaşa uçurumun dibinə yıxılır.

Qarşısıalınmaz proses, zəncirvari reaksiya baş verir. Digər zavallı qoyunlar da başçının ardınca düşüb, özlərini bir-bir qayadan yerə atırlar. Çoban vaxtında müdaxilə etməsə, sürü tamamilə məhv ola bilər.

O gün buna bənzər bir hadisə baş verdi. 28-də "Nikoil” bank tərəfdəki yolu keçməyə hazırlaşırdım. Tək mən deyil, mənimlə bərabər bir dəstə adam da işıqforun icazə işığını gözləyirdi. 

Qəflətən, gənc bir oğlan işıqforu filanı nəzərə almadan, tullana-tullana özünü intensiv hərəkət zolağının tən ortasına atdı. Qaça-qaça gəldiyi kimi, qaça-qaça da yolu adlayıb, fit çala-çala getdi. Kənarda dayanmış, qulaqcıqlı bir neçə gənc qız oğlanı görüb, himə bənd imiş kimi, hipnoz olunmuş halda onun arxasına düşdülər. Kor-koranə. Lap keçi-qoyun əhvalatında olduğu sayaq.

Avtomobillərdən biri onların üzərinə çıxmamaq üçün yana manevr etməyə məcbur qaldı. Digəri, siqnal verib sola meyilləndi. Avtobus sürücüsü çaşıb, az qaldı bizi basıb əzə. Ətrafda baş verənlər, vur çatlasın isə qızların heç vecinə də deyildi. Musiqi dinləyə-dinləyə, saqqız çeynəyə-çeynəyə yolu adlayıb keçdilər və parka tərəf addımladılar.