Moskvadakı görüşün Lukaşenko üçün bir sıra xeyirli tərəfləri olsa da... - TƏHLİL

Moskvadakı görüşün Lukaşenko üçün bir sıra xeyirli tərəfləri olsa da... - TƏHLİL

"Hər bir halda Moskvadakı görüşün Lukaşenko üçün bir sıra xeyirli tərəfləri olsa da, ümumilikdə Batka bu görüşdə çox şey itirdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Belarus və Rusiya prezidentlərinin görüşündən danışarkən deyib. İlkin Həsənlinin fikrincə, əslində, Putin-Lukaşenko görüşü ikincinin taleyi baxımından mühüm əhəmiyyət kəsb edirdi:

"İki liderin görüşü dörd saat davam etdi. Bu isə öz növbəsində tərəflər arasında danışıqların gərgin keçməsinə sübutdur. Əgər iki şəxs arasında bu qədər müddət müzakirə aparılırsa, bu həm də tərəflərin hansısa məsələdə sövdələşməyə nail ola bilmədiklərini göstərir. Bununla belə görünən odur ki, Lukaşenko Moskvaya Putindən imdad diləməyə getmişdi. Görüşdən öncə Lukaşenkonun çıxışına diqqət yetirilsə, bunu görmək olar. Baxın, Lukaşenko çıxışında deyir ki, Minskdə baş verənlər bütün hər kəs, o cümlədən biz postsovet respublikaları üçün yaxşı dərs oldu. Doğrudur, bu fikrini o, Belarusdakı hadisələri NATO-nun təşkil etdiyinə eyham vuraraq söyləyir. Amma NATO burada Lukaşenkonun əsas fikrini gizlətməsi üçün bir vasitədir. Lukaşenko da gözəl bilir ki, NATO-nun Belarusda hansısa inqilab təşkil etmək gücü-filan yoxdur. Ona görə ki, Belarusun bütün sistemi faktiki olaraq NATO-ya qarşı qurulub. Ona görə də bu fikirini səsləndirərkən Lukaşenko səhv etdiyini və ona yaxşı dərs verildiyini ifadə etməyə çalışır. Faktiki olaraq, Putindən toxunulmazlığının təmini üçün imdad diləyir. Baxın, bu o, Lukaşenkodur ki, ölkədəki prezident seçkisindən öncəki 1,5 il ərzində dayanmadan Rusiyanı tənqid edir, Moskvanı Belarusun suverenliyinə təhdid adlandırır, Moskvanın Minski iqtisadi şantaj etdiyini deyir, ABŞ-la münasibətlərini normallaşdırırdı. İndi isə tam əksini söyləyir. Əgər Lukaşenko təhdidlərlə bağlı cəmi bir həftədə fikir dəyişdirirsə, bu, Lukaşenkonun vəziyyətinin həddən artıq ağır olduğunu söyləməyə imkan verir. Yəni, Moskva onu elə bir vəziyyətə gətirib ki, Belarus lideri həm ölümünün, həm də sağ qalmasının yalnız Kremldən asılı olduğunu mükəmməl şəkildə anlayır”. 
Analitik hesab edir ki, Lukaşenko mövcud addımlarla hakimiyyətdən gedişini maksimum şəkildə uzatmağa və bir ümidlə hər şeyi yenidən həll etməyə ümid edir:

"Lakin Belarusdakı situasiya gərgindir. Əgər Lukaşenko hətta Moskvada hansısa razılığa imza atıbsa belə, bu onun hakimiyyətdən getməsinə mane olmayacaq. Məsələ sadəcə zaman məsələsidir. Moskvanın özü Lukaşenkonun gedişində həddən artıq maraqlıdır. Lakin indiki addımlar göstərir ki, Moskva mövcud situasiyadan maksimum yararlanmağa çalışır. Lukaşenkonun Moskvaya ölkədə vəziyyətin məhz gərgin olduğu dönəmdə dəvəti də bununla bağlı ola bilər. Putin Lukaşenkonu yardım vədi qarşılığında bir sıra razılaşmalara imza atdıra bilər (onsuz da Moskva ilə razılaşdırıla bilməyən neft razılaşması Rusiya baş naziri Mişustinin dəvəti zamanı cəmi 1 günə razılaşdırılıb). Belə bir təcrübə Belarus tarixində onsuz da mövcuddur. Məsələn, Lukaşenkonun özü hakimiyyətə gələrkən Moskvaya dərhal ölkədəki hərbi bazaları 25 il müddətinə pulsuz istifadə imkanı vermişdi. Əgər müxalifət sıralarında son dönəmlərdə baş verən proseslərə diqqət yetirsəniz, Moskvanın müxalifət sıralarında da lider axtarışında olduğunu görərsiniz. Bu ölkədə baş tutan mitinqin əsas liderlərindən biri Moskvanın adamı sayılan şəxsin həyat yoldaşıdır. Söhbət Mariya Kolesnikovadan gedir. Bu qadın prezidentliyə eks-namizəd Babarikonun həyat yoldaşıdır. Baxın, Kolesnikova üç müxalif qadın lider arasında ölkədən çıxarılmayandır. Halbuki, onun ölkədən çıxarılması üçün yetərli imkan vardı. Üstəlik, ölkədən çox sonralar çıxarılmağa cəhd edilən Kolesnikova haqqında hər kəsi heyran edəcək hekayə qurulur və Kolesnikova cəmiyyət üçün piar edilir. Bu işdə isə aktiv rolu Rusiyanın aparıcı yox, çox izlənilən KİV-ləri oynayırlar”.

İlkin Həsənli bildirib ki, dolayısı yolla Moskva başsız Belarus aksiyaları sırasından özünə sərf edən lideri çıxartmağa çalışır: 

"Lukaşenko bunun fərqindədir. Ona görə ki, zamanında nisbətən bənzər metodları onun üçün də tətbiq etmişdilər. Rusiyanın Lukaşenko ilə görüşdən sonra sərhəddən hüquq-mühafizə orqanlarını çəkməsinə gəlincə bu rezerv dəstə mətbuatın təqdim etdiyi kimi müxalifət üçün yox, Lukaşenkonun özü üçün təhdid idi. Batka sadəlövh deyil və bunu gözəl bilirdi. Baxın, Batka lazım bilsəydi, hadisələrin ilk həftəsi Moskvadan hərbi dəstələr istəyərdi. Onsuz da Belarus polisinin sayı yetəri qədər deyildi ki, bütün ölkədə baş verən etirazların qarşısını alsın. Təsadüfi deyil ki, etirazçılar hadisələrin ilk günü Minskdən çox bölgələrə çağırış edirdilər ki, polisin fəaliyyətini iflic edə bilsinlər. Yəni, belə vəziyyətdə Moskvaya müraciət etməyən Lukaşenko indimi müraciət edəcəkdi ki, ölkəyə göndəriləcək dəstələr tezliklə onun hakimiyyətini zədələyib, gedişini sürətləndirsin. Hər bir halda Moskvadakı görüşün Lukaşenko üçün bir sıra xeyirli tərəfləri olsa da, ümumilikdə Batka bu görüşdə çox şey itirdi. Onun nə qarşılığında Moskvadan müvəqqəti dəstək qazandığını zaman göstərəcək. Bununla belə qazanılan dəstək etirazların bitəcəyi anlamına gəlməməlidir”.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR