Siyasət 18:18 24.11.2020

Müharibədən sonra siyasi düşmənçiliklər rəqabətə çevrilməlidir...

"Siyasi partiyalarla aparılan dialoq davam etdirilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. Onun sözlərinə görə, müharibə dönəmi dialoqun nə qədər önəmli olduğunu sübut etdi:

"Çünki bir çox bəyanatlar verildi. Məsələn, Gəncə hadisələri, Fransanın Azərbaycanın əleyhinə tutuğu qərəzli mövqe və s. məsələlərlə bağlı partiyaların birgə bəyanatı oldu. Bu bəyanatlar təbii ki, Azərbaycanı beynəlxalq arenadakı mövqelərini də gücləndirdi. Digər müxalif partiyalar da müharibə zamanı fəaliyyətini dayandırması, heç bir müxalif çıxışlar etməməsi, addımlar atmaması, istəlinən məsələlərdə birmənalı şəkildə dövlətin, ordunun və iqtidarın yarında olması onu deməyə əsas verir ki, dialoq faydalı və dövlətin, millətin xeyrinə olan bir prosesdir. Artıq müharibə bitdikdən sonra dialoq mərhələsi də ikinci və daha aktiv fazaya keçməlidir. Düşməncilik rəqabətə çevrilməlidir. Siyasi partiyaların rolunu siyasi səhnədə gücləndirilməlidir və real siyasi münasibətlər sistemi qurulmalıdır. Mənə elə gəlir ki, hakimiyyət də bu müddət ərzində mərhələnin nə qədər faydalı olduğunu anlayıb. Güman edirəm ki, dialoq daha sürətli və daha prespektivli şəkildə davam edəcək”.

Tural Abbaslı müharibədən sonra siyasi münasibətlər sisteminin qurulacağıyla bağlı nikbindir:

"Mənə elə gəlir ki, Qarabağ müharibəsindən sonrakı bütün sahələrdə olduğu kimi siyasi səhnədə də yeni bir səhifənin başlanığıcı olacaq. Daha sivil, daha demokratik, daha  ədalətli bir siyasi münasibətlər sistemi qurulacaq. Bu da öz-özlüyündə dövlətin, cəmiyyətin, xalqın, millətin inkişafına gətirib cıxardacaq. Siyasi rəqabətin, dialoqun, siyasi anlaşmanın tərəfdarıyam, nəinki düşmənçiliyin, həbslərin, bir-birini inkarın və bu kimi siyasətə yaraşmayan addımların”.

Bahar Rüstəmli