Xəbər lenti

İdman 09:45 19.07.2022

Müqavilə imzalayandan 10 gün sonra istefaya göndərilən Hacıyev: “Klub olaraq böyüyə bilmədik..."

Mövsüm bitəndən sonra "Səbail” baş məşqçi Aftandil Hacıyevlə yolları ayırdı. Maraqlısı odur ki, tərəflər əvvəlcə müqavilə bağlasalar da, bu, uzun çəkmədi. Bir neçə gün sonra müqaviləyə xitam verdilər və Hacıyev 4 il çalışdığı klubdan ayrılmalı oldu. Bəs Nə baş verdi? Klub onun karyerasında nələrlə yadda qaldı? Bu suallara elə veteran futbolçunun özündən cavab aldıq. 

Paytaxt klubunun sabiq baş məşqçisi Qaynarinfo-ya müsahibəsində bu sualları cavablandırdı.

- Mövsüm bitəndən sonra "Səbail”lə yeni müqavilə bağlamışdınız. Amma bir neçə gündən sonra müqaviləyə xitam verib klubdan ayrıldınız. Nə baş vermişdi?

- "Səbail”də keçirdiyim müddət yalnız xoş xatirələrlə yadda qaldı. 4 il orada oldum. Uğurlu mövsüm keçirdik. Komandaya diqqət çox idi. Sonradan nə baş verdisə, özüm də anlamadım. Klub maliyyə baxımından enişə getdi. Üç il ardıcıl çətinliklərlə üzləşdik. İkinci il son turlarda qələbə qazansaydıq, yenə də Avroliqaya düşürdük. Qələbə qazana bilmədik, "Sumqayıt” 4-cü yeri tutdu və Avroliqaya yollandı. Klubun həm pis, həm də yaxşı günlərində yanında oldum. Ağır günlərdə klubu atıb getməməyi özümə borc bildim. Son iki ildə qarşımıza qoyulan məqsəd yerli futbolçuların üzə çıxarılması, milliyə namizədlərin hazırlanması idi. Biz də bu yöndə işlərimizi qurduq. Adil, Turan, Ədilxan, hətta Amil Yunanov da diqqət mərkəzinə düşdü. Klub olaraq nəticəyə oynamaq məqsədi yox idi deyə, həm təcrübəlilərə, həm də gənclərə şərait yaradılmalı idi. Maksimum 2-3 legioner də götürürdük. Çempionat boyu onlardan yararlanırdıq. Əsasən akademiyadan futbolçu götürürdük. Biz gördüyümüz işdən narazı deyildik. Hər mövsüm qarşıya qoyulan məqsədlərə çatmaq üçün çalışırdıq. "Səbail”in bundan sonra daha yaxşı günlərinin olacağı ilə bağlı ümidlərimiz var idi. Həm rəhbərlik, həm də mən birlikdə çalışmağa razı idik. Bəzi məsələlərdə tərəddüdlər oldu. Bu tərəddüdləri hiss edəndən sonra məndə getmək istəyi yarandı. Özlərinə də bildirmişdim ki, nəsə tərəddüdləri varsa, gedə bilərəm. Klubdan ayrılmağımın faydası varsa, müzakirə edə bilərik. Davam etməyə qərar vermişdik. 10 gündən sonra yenə bu məsələyə qayıtdıq. Müşahidə Şurası iclas keçirdi, müzakirə olundu, əlavə danışıqlara gərək görmədim və ayrıldım. ASCO rəhbərliyi 4 ildir bizə sponsorluq etsə də, son 4-5 ayda onları yaxından tanımışam. İşlərini bilən, peşəkar insanlardır. Futbol elə bir sahədir ki, təcrübəyə ehtiyac var. İnanıram ki, təcrübə toplayıb klubu daha yüksəklərə qaldırmağa, onun inkişafına töhfə verəcəklər. Mən yalnız təşəkkür edə bilərəm. Könül istərdi ki, bir klubla uzun müddət çalışasan. Bəzən belə alınmır. Görürsən ki, yollar ayrılamlıdır. İstirahətə də ehtiyac var idi. Daim futbolun içindəyik, izləyəcəyik. Məncə, "Səbail”də bir məşqçi kimi iz buraxdım. Gələcəkdə klub tarixində Premyer Liqada ilk medal və Avroliqaya vəsiqə qazanmasında məşqçi kimi adımın hallanması mənim üçün xoş olacaq. 

- Əvvəllər bir neçə dəfə "İddiasız klubda işləməkdən bezmədiniz” sualına cavab verərəkən, ayrılmaq fikrində olmadığınızı demişdiz. Uzun müddət işlədiyiniz klubdan ayrılmaq qərarı çətin idi? Güzəştə getmək olmazdı?

- Əvvəllər də bildirmişəm ki, rəhbərlikdən təklif gəlsə, müzakirə edərəm. Güzəştə getmək? Bunu rəhbərlikdən soruşmaq lazımdır. Hər zaman bacarığımı, biliyimi ortaya qoymağa çalışdım. Bəzi - sabitlik, futbolçu keyfiyyəti kimi məsələlər var ki, məndən asılı deyil. Çünki bunun üçün maliyyə tələb olunur. Bu isə son iki ildə istədiyimiz səviyyədə deyildi. İndidən sonra necə olacağını zaman göstərəcək. Sevinirəm ki, bu il "Səbail” yenidən iddialı olmaq istəyir. Legionerlərin sayı artmaqdadır. 

- Belə başa düşdüm ki, həm də iddialı komandalarda çalışmaq üçün ayrıldınız...

- Əlbəttə, rəhbərliyə daha iddialı komanda qurmaq fikrində olduğumu bildirmişdim. Lazım olan layihə təqdim edilmişdi. Bu layihəni Mahmud Qurbanovla davam etdirməyi məsləhət biliblərsə, hörmətlə yanaşmalıyıq. Ona uğurlar arzulayıram. Mahmudun qarşısına hansı şərtləri qoyublar bilmirəm. Amma biz böyük ölçüdə razılaşa bilmədik. 

- Ayrılmağınızda "Səbail”in sonuncu pilləni tutması da rol oynadı?

- Deməzdim, çünki özləri də başa düşürlər ki, həqiqətən çətindir. Üç stopperdən biri zədələnmişdi. Bütün mövsümü iki stopperlə oynayırdıq. Demək olar oyunları hücumçusuz keçirirdik. Mövsümü bu şəkildə keçirirsənsə, I Diviziondan 6-7 futbolçu götürürsənsə, gedənlərin yerini qışda doldura bilmirsənsə… Bunlar hamısı şərtdir. Hansı məsələlərə görə davam etmədik, klub tərəfindən bildirə bilərlər. 

- "Səbail”də keçirdiyiniz 4 ilin hansını xüsusi fərqləndirmək istərdiniz?

- Əlbəttə, ilk ilimizi. Ümumiyyətlə hər biri tarixdir. Birinci ildə, heç kimin gözləmədiyi bir məqamda ikinci yeri tutduq, medal qazandıq. Avroliqada layiqli çıxış etdik. "Universitatiya Krayova” ilə düşmüşdük, səfərdə onları keçmək şansımız da var idi. Növbəti ildə evdə "Zirə”yə məğlub olduq, "Sumqayıt” 4-cü pilləni tutub Avroliqaya yollandı. Hansı ki, qələbə qazansaydıq, biz gedəcəkdik. Son çempionatda "Qarabağ”ı məğlub edən yeganə komanda biz olduq. Bunlar hamısı tarixdə qalacaq. Klub olaraq böyüyə bilmədik, amma komanda kimi yaxşı işlər gördük. Yaddaqalan oyunlarımız oldu. Yerlilərə şans yaratdıq, təcrübəlilərin karyeralarını vaxtından əvvəl bitirməsinə imkan vermədik. Bacardığımız qədər, bizə yaradılan şəraitə uyğun iş görə bildik. 

- Sonuncu mövsümdə "Qarabağ”ı udan yeganə komanda siz oldunuz. Ümumiyyətlə bu matçı necə xatırlayırsınız?

- Bu da bir tarixdir. Oyuna ciddi hazırlaşmışdıq. Təbii ki, "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edəcəyimizi gözləmirdik. 5-6 qol vəziyyəti də yaratdıq. Bir neçəsini boşa verdik. Bu, o deməkdir ki, hər rəqibə qarşı oynamaq mümkündür. Hər həftə oyun keçirirsən deyə, sabitlik vacibdir ki, rəqabət olsun. Bu rəqabət bizdə olmadı deyə, ardıcıllıq da yox idi. Nikolas Raysel 5 oyun cəza aldı, zədəlilərimiz oldu.

- Sabiq komandanız "Qarabağ”dan Çempionlar Liqasında nə gözləyirsiniz?

- "Lex”lə ilk matçda diktə edən tərəf "Qarabağ” idi. Baxmayaraq ki, məğlub oldular. Cavab qarşılaşmasında gözləntilərim özünü doğrultdu. Növbəti rəqib "Sürix”dir. Bu komanda ilə Antalyada yoldaşlıq görüşü keçirmişik. Kifayət qədər keyfiyyətli komandadır. "Qarabağ” təcrübəlidir. İnanıram ki, mərhələni keçəcəklər. Sonra "Ferentsvaroş”la "Slovan” cütünün qalibi ilə qarşılaşacaq. Yaxşıdır ki, hələ qrand komandalar düşmür. Macarıstan klubu kifayət qədər güclüdür. Hələ püşk "Qarabağ”ın üzünə gülür. Daha güclü rəqiblər düşə bilərdi. "Lex”lə "Sürix”i kiçiltmək istəmirəm. Amma "Qarabağ” mübarizə aparacaq, Avropada bu komandanı qiymətləndirirlər. Maraqlı oyunlar olacaq. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->