Amal Abuşov
Biri vardı, biri yoxdu... nağıllar belə başlayır. Bizi ta uşaq yaşından bəri nağıllarla yuxuya veriblər, laylay çalıblar. Əmin ediblər ki, şirin yuxunun içində qızıl gül tapmaq olur. Uşaq olanda inanmışıq, artıq inanan yaşda deyilik. Oyanmaq vaxtıdı.
Macarlar bizi Kamran Quliyevin Ceyhun Sultanovla birlikdə oxuduğu laylanın verdiyi şirin yuxudan, Roberto Bordinin gəlişiylə düşdüyümüz eyforiyadan oyandırmaq üçün əllərindən gələni etdilər. Üzümüzə dəyən dörd sillə, qapımıza vurulan dörd qol və "Neftçi Baku, ha-ha-ha...” sədaları bizi oyatdı. Oyanın, əzizlərim. Növbəti stansiya, yəni bundan o yanası yoxdu. Xalqımızın 81 yaşlı komandasını məsxərəyə qoydular, adının sonluğuna "ha-ha” qoşdular, ələ saldılar. Mən çoxdan oyaq idim, gözümə heç yuxu getmirdi. Barı, siz də oyanın.
İlk gündən prosesləri diqqətlə təqib edib, obyektiv olmağa çalışdıq. Buraxılan səhvləri dedik, yanışlıqları göstərdik. Onların həlli üçün görülməli işləri də deyirdik. Halbuki, səhvləri buraxanlar elə onun düzəldilməsinə məsul olanlar idi. "Mən "Neftçi”yə öz komandamla gəlmişəm” deyib, qürrələnən bəyazköynəklilər.
Bizə "Neftçi”dən çox yazırsız, Kamran Quliyevi çox tənqid edirsiz” deyənlər indi hamısı yazmağa başlayıb. Ağız deyəni qulaq eşitmir, bəzən yazılanları oxumağa da çatdırmırıq. Daldan atılan daş topuqdan başqa heç yerə dəyməz, dostlar. Qatar gedib, onun arxasınca baxmağa dəyməz. Çünki biz piyada qalmışıq. İspaniyaya gedən qatara "Uypeşt” əyləşib. Yolları açıq olsun.
Çünki onlar bu yolu getməyə layiq olduqlarını isbatladılar. Kasıbçılıqdan Bakıya 30 nəfərlik kiçik təyyarədə gəlmişdilər. Biz isə onları əla salırdıq. Başımız lağlağıya, qazandığımız 3:1 hesablı qələbənin keyfini çıxarmağa o qədər qarışdı ki... Budapeştdəki oyunun 19 və 21-ci dəqiqələrində qapımızda gördüyümüz o qollar hamımızı diksindirdi. Macarlar isə amansız idilər. Onları ələ salmağımızın, afrikalı futbolçularına viza verməməyimizin, Bakının istisinin... hamısının acığını vurduqları qollarla çıxırdılar.
Bu "Uypeşt” mənə ilk günlərdən "Mura”nı xatırladırdı. Sloveniyanın "Mura”sını deyirəm. Bir vaxtlar pula pula deməyən, böyük layihələr həvəsində olan "Bakı”ya rəqib olmuşdular. Avropa Liqasının püşkatmasından əvvəl yoxlama oyununda "Bakı” "Mura”nın 4:0 hesabıyla məğlubiyyətə uğratdı. Sonra da püşk Sloveniya təmsilçisini bizə rəqib etdi. Paytaxtımıza min bir əziyyətlə gəlmişdilər. Az qalırdılar yatmağa yerlərinin, yeməyə çörəklərinin olmadığını desinlər. Hardansa eşitmişdilər ki, "Bakı”nın prezidenti hədsiz səxavətli adamdı. Özləri ilə heç forma da gətirməmişdilər. Bizimkilərin verdiklər formaları geyindilər və başımıza oyun açdılar. Bakıdan sərfəli hesabla dönüb, doğma meydanlarında "zolaqlılar”ın dərsini verdilər. Nə qonaqpərvərliyimiz, nə də onlara forma verməyimiz işə yaramadı.
"Mura” getdi, "Bakı” arxasınca baxdı. "Uypeşt” getdi, "Neftçi” də onun arxasınca baxdı. Onlar kasıb idilər, biz isə varlı. Varlı olmaq isə hələ güclü olmaq deyil. Ağıllı olmaq isə daha çətindi...
Şərhlər