Sənət 12:12 08.05.2021

Musa Yaqub: "Firuza de ki, sağam, ölməmişəm...”

"Təskinliyimiz Musa Yaqubun ölməz sözü və daim canlı olacaq xatirəsidir. Əlvida, əziz qardaş!”

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Xalq şairi, mərhum Musa Yaqubla bağlı xatirələrini bölüşərkən deyib. O, Musa Yaqubun ölümünü ədəbiyyatımıza ağır itki kimi dəyərləndirib:

"Azərbaycanın xalq şairi, keçmiş millət vəkili, görkəmıi ictimai xadim, sözü və əməli ilə daim haqq yolunda olan, əziz dostumumuz Musa Yaqub bu fani dünyanı tərk edərək əbədiyyətə qovuşub. Bir neçə gün sonra ad ğününü qeyd edəcəkdik. Yarım əsrlik bir yolda yanaşı yürüdüyüm əqidədaş, böyük söz ustası, qeyrətli vətəndaş, gözəl insanın itkisi çox ağırdır. Təskinliyimiz Musa Yaqubun ölməz sözü və daim canlı olacaq xatirəsidir. Əlvida, əziz qardaş!”
Milli Məclisin deputatı Fazil Mustafa: 

"Musa Yaqub bütün varlığı ilə, mahiyyəti ilə şair idi. İnsanlarımızın çoxusunun gerçək şair, rəssam, müğənni, alim, siyasətçi meyarlarının natamamlığı üzərində dayanmadan bir məsələni vurğulamaq istərdim ki, o öz ədəbi üslubu ilə təkrarolunmaz idi. İsmayıllıda 80 illik yubileyinə dəvət etmişdi, iştirak etdim, ürək sözlərimi dedim. Milli Məclisdə çıxışımda "layiq olmayanlara fəxri adlar o qədər verilib ki, Ramiz Rövşən və Musa Yaqub kimi ustadlara bu adların verilməməsi daha yaxşıdır”, söyləmişdim. Üzərindən heç üç gün keçməmiş hər iki ustada ölkə prezidenti xalq şairi adını verdi. Zəng etmişdi, xəstə səsi ilə sanki bir az təsəlli tapdığını hiss etdirirdi, təşəkkürünü bildirirdi. Hər bir halda dünyasını dəyişməzdən öncə dəyər verilməsi bizə də təsəlli oldu. Allah ruhunu şad etsin, ədəbiyyatımızda sönməyəcək bir ocaq kimi qalacaq Musa Yaqub”.

Yazıçı-dramaturq Firuz Mustafa:

"Daha izim qalmaz çaylaq daşında,

Sel oynar üstündən, daş atar məni,

O köhnə dərdlərim bağrım başında,

Sızlaya-sızlaya yaşadar məni...

Deyə bilmərəm ki, mən onunla yaxın dost idim. Yox... Amma o mənimçün doğma adam idi. Düz yarım əsr əvvəl dayım Nahid Hacızadə bu bəstəboy, tökmə vücudlu, qıvrımsaç, tuncsifətli adamla məni tanış edəndə yarızarafat demişdi: "Tanış ol, bu bizim dahi Musa..." Mən də "Yaqub" deyə əlavə etmişdim...

İki il əvvəl mətbuatda belə bir xəbər dolaşdı ki, Musa Yaqub dünyasını dıyişib. Müxtəsər bir yazı qələmə aldım. Bir gün sonra dostlardan biri Musa bəyin ismarışını mənə çatdırdı: "Firuza de ki, mən sağam, ölməmişəm...” Sən həmişə sağsan, Musa Yaqub. Nə qədər ki, Azərbaycan ruhu, şeiri, dili, vicdanı, mərdliyi, düzlüyü, kişiliyi var, sən sağsan, sağ olacaqsan, sağ olmalısan. Rəhmət öz yerində, sən əbədiyyət adamısan, Musa Yaqub”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub uzun sürən xəstəlikdən sonra mayın 7-də dünyasını dəyişib. Mərhum bu gün doğulduğu İsmayıllı rayonunun Buynuz kəndində torpağa tapşırılacaq.

Bahar Rüstəmli