Əhəd Məmmədli: "O, azdan-çoxdan özünə imic yaratmışdı, amma indi Eynulla Fətullayevin, Hafiz Hacıyevin yolunu tutub"
Bəxtiyar Hacıyev: "Fotomu montaj edərək Yasamal bələdiyyəsinin üzvü kimi təqdim etdilər"Son günlər “Facebook” sosial şəbəkəsində Müsavat Partiyasının gəncləri ilə gənc fəal Bəxtiyar Hacıyev arasında qalmaqal yaşanır. Bəxtiyar Hacıyev yaranmış narazılıqdan danışarkən deyib ki, Müsavat Partiyasının Gənclər Təşkilatının üzvləri ona qarşı kampaniya başladıblar: “Kampaniyaya səbəb isə mənim müsahibələrimdən birində dediyim “müxalifət liderləri tərəfindən təhsilli gənclərə maraq hiss etmirəm” fikrim olub. Demişəm ki, gərək çevrələrində elə gənclər toplasınlar ki, onların adı kölgə kabinetləri siyahısında çıxanda insanlar tərəddüd etməsinlər. Müsavatın Gənclər Təşkilatının üzvləri isə təhsillərinə fikir vermək əvəzinə, kampaniyaya başladılar. Fotomu montaj edərək Yasamal bələdiyyəsinin üzvü kimi təqdim etdilər. Guya, bununla məni Yasamal bələdiyyəsinə layiq gördüklərini bildirirdilər”.
Müsavat Partiyası başqanının müşaviri Əhəd Məmmədli isə deyib ki, “Facebook”da hansısa istifadəçi Bəxtiyar Hacıyevin saxta “like” topladığını üzə çıxarıb, o da buna görə Müsavatı ittiham edib: “Bizim tərəfdən elə bir şey yoxdur. Sadəcə olaraq, o, partiyaya, onun başqanına qarşı yersiz ittihamlar yağdırdı. Biz bundan çox təəssüfləndik. Çünki o adamla birdə həbsxanada olmuşuq. O həbsxanada olarkən ona lazımi dəstəyi verən Müsavat Partiyası olub. Bəxtiyar Hacıyev onu həbsə salan hakimiyyəti deyil, Müsavat Partiyasını ittiham edir. Bu, bizim üçün təəccüblü deyil. Bəxtiyar Hacıyevdən də qabaq İsa Qəmbərə qarşı belə hallar olub. Yəqin ki, seçkilərdə İlham Əliyevə əsas rəqib İsa Qəmbər olduğundan bu da ola bilsin, hakimiyyətin yanında xal qazanmaq istəyir. O azdan-çoxdan özünə imic yaratmışdı, amma indi Eynulla Fətullayevin, Hafiz Hacıyevin yolunu tutub”.
Ə.Məmmədlinin sözlərinə görə, o türmədə olan söhbətləri gündəmə gətirir: “Bizim aramızda söhbətlərimiz olub. Kişilər arasında söhbət olar. Onda mən də Bəxtiyar Hacıyevin türmədə olarkən Mehriban Əliyevaya, Ədliyyə işçilərinin bayramı ilə əlaqədar nazirə məktub yazmaq istəməsini deyim? Bu bizə yaraşmaz axı. Biz ona hər zaman başa salmağa çalışmışıq ki, Azərbaycan vətəndaşlarının hər birinin bir səsi var. İstər Harvard Universitetində təhsil alan, istərsə də Əhmədlidə təsbeh oynadan olsun. Səs ali təhsillə ölçülmürki?! İnsanlara belə yuxarıdan aşağı baxmaq olmaz”.
Başqan müşaviri bildirib ki, həbsdən çıxanlar Müsavatı ittiham edir: “Müsavatın əleyhinə yazılar yazırlar. Çünki Müsavat ana müxalifət partiyasıdır. Görünür, seçkiöncəsi yararlanmaq istəyirlər. Hakimiyyətlə alverə çıxıblarsa, bizi bu işlərə qatmasınlar”.
İlkin
Qaynar.info
Şərhlər