Aqşin YENİSEY
Ölkə 12:12 06.04.2021

Müstəmləkəçilik tənbəlliyinin qarınağrısı

Aqşin Yenisey

Mürəkkəblikdən törəməyən, anadangəlmə sadəlik, adətən, bəsitliklə başa çatır. Riyaziyyat istisnadır.  

Sənət nəyin estetikasıdır, gerçəkliyin, yoxsa təxəyyülün? Hər ikisinə aid ədəbiyyat nümunələri var; məsələn, Prust gerçəkliyin estetikasıdır, Kafka təxəyyülün.  

"Düşündürən sənət” özü də "düşünən sənətdir”. Ətrafımız "düşün(dür)ən sənət”in düşmənləri ilə doludur. Müstəmləkəçilik tənbəlliyinin (zənci tənbəlliyi) nəticəsi olaraq biz tərəfin camaatı həyatını gözəlləşdirə biləcək heç bir ümumi prosesdə iştirak etmək istəmədiyi kimi, yaradıcı prosesdə də iştirak etmək istəmir. Ümumi kontekstə aid olan hər şeyin hazırını istəyir. Şairdən zövq almaq üçün poetik kəşfiyyata ehtiyac duyulmayan şeir istəyir. Romanda dilin sərgüzəştləri ilə zəngin cümlə görəndə əsəbindən sovet tənqidçisinə çevrilir. Rəsm əsərlərinə zatən restoran, kafe divarlarında baxır və s.    

Onu kim belə "hazırın naziri” böyüdüb? Mənim iki cavabım olacaq: bir, sovetizmin "sənət xalq üçündür” təbliğatı, iki, dini inancı!

Cəlil Məmmədquluzadə həmişə ona gülür və əsəbiləşirdi ki, Azərbaycan insanı beyninin əvəzinə qulağına arxalanır. Novruzəli eşidir, amma üzündən oxuya bilmir, "Ölülər”dəkı camaat eşidir, amma heç kim eşitdiyini anlaya və oxuya bilmir. Bu insanlarda beyinin bircə qapısı var – qulaq! Tarixin bütün dövrlərində oxumadığı, oxuya bilmədiyi, qulaqdan-qulağa hazır qaydalar və qadağalar, hədislər şəklində eşitdiyi kitaba inandığı üçün o, yəni bizim doğma insan, digər kitablardan da özünə qarşı bu humanitar "jesti” gözləyir. O, bütün kitablara, bütün əsərlərə qıraqdan qulaq asmaq istəyir. 

Sanki, yazılana şərik olmaqdan, yaradacılığın bir parçası olmaqdan qorxur. Bəlkə də, bu qorxunu onda Sibirə sürgün olunan Azərbaycan aydınlarının aqibəti yaradıb. O, sənətə ancaq qulaq asmaq istəyir. Onu mədəniyyətdən uzaqlaşdıran da bu qulaq asmaq mədəniyyətidir. İnandığı kitabı oxuya, anlaya bilməmək onda bütün kitablara qarşı kompleks yaradıb. O, elə bilir ki, o biri kitabları da oxusa, başa düşməyəcək, pərt olacaq, odur ki, oxuyanlara qulaq asır. Üç-dörd əcnəbi imza yetər ki, qulağına pıçıldayıb bizim oxucunu tilsimləyəsən, əlini-qolunu bağlayasan. O, muğamata, meyxanaya da "qulaq asa bildiyi” üçün pul xərcləyir. 

Qulağı onun beynidir. Cəlil Məmmədquluzadə bunu deyirdi, demək istəyirdi. Yazının yaranması insanı instinktlərdən uzaqlaşdırdı, onun həyatını düşüncələrdən asılı vəziyyətə saldı. Səs instinktləri oyadır, söz düşüncələri. Dünyanı qulağı ilə dərk edən hər bir canlı instinktlərinə güvənməyə məhkumdur.

Quran kimi mürəkkəb, ziddiyyətlərlə dolu bir kitabı din adamları Azərbaycan insanı üçün cinlərdən, inkir-minkirdən bəhs edən nağıllar halına salıb danışır. İlahi mətnin bu qədər sadə, bəsit olduğunu eşidən azərbaycanlı hansısa yazıçının kitabında dil və məna qarşıdurmasını canlandıran mürəkkəb bir mətn gördükdə özü də cinə dönür. Allahın kitabı o qədər bəsit və sadə ikən bu kafir kimdir ki, belə əndirəbadi cümlə qurub? Sənətdə sadəlik, bəsitlik, rahat-hulqumluq axtarmaq arzusunun psixo-analitik kökü bu xüsusa dayanır. Azərbaycan insanının dindarlığını onun seçimlərində axtarmaq lazımdır. Din onun ən az dindar olduğu yerdir.

Bunun nəticəsidir ki, bizim ölkədə məsələn, "konseptual sənət”in nə yaradanı var, nə axtaranı. 60-cı illərdə ortaya çıxan konseptual sənət əşyalar, predmetlər, konkret işarətlər üzərində məntiqi və fəlsəfi nəticələr əldə etməyə hesablanmış sənətdir. Konseptual sənətçilər sənəti zehni bir proses kimi izah edirlər. Onların iddialarına görə, yaradıcılıqda hisslər deyil, zəka iştirak etməlidir. Həm müəllif, həm tamaşaçı, dinləyici yaradıcı prosesə yaşarmış gözləri ilə deyil, çatılmış qaşları ilə qatılmalıdır. Bundan ötrü sənətin müqəddəsləşdirdiyi ideya və nəsnələrə ehtiyac yoxdur, ətrafımızda gördüyümüz hər bir əşya – siçan tələsinin yayı, ayaqqabı ipi, banan qabığı və s. – bizi düşünüdürəcək ideya mənbəyi ola bilər. Konseptual sənətçinin borcu adilikdə gizlənmiş estetik ideyanı üzə çıxarmaqdır.

II Qarabağ savaşından çəkilmiş iki şəkil dolaşır sosial şəbəkələrdə. Şəklin birində həlak olmuş əsgərlərin çəkmələrinin, o birində isə boş dəbilqələrinin qələbəliyi təsvir olunub. Bu iki şəkil həyatın özünün də konseptual sənət ideyaları ilə zəngin olduğuna misaldır. Bizə, yəni tamaşaçıya, sadəcə, o sahibsiz çəkmələrin, boş dəbilqələrin qələbəliyinə baxıb düşüncələrə dalmaq qalır.  

Amma bunu sənət əsəri kimi təqdim və izah etmək üçün kültürümüzdə nəzəri baza varmı? Halbuki konseptual sənət düşüncəsinə görə, hər iki şəkli, sadəcə, çərçivəyə salıb divardan asmaq yetər ki, müharibə sənətə çevrilsin.    

1917-ci ildə bir qrup fransız rəssam "Azad sənətçilər” adlı bir təşkilat yaratdılar və "Rədd olsun münsiflər, rədd olsun mükafatlar” adlı bir sərgi təşkil etdilər. Bütün ailə üzvləri sənət adamı olan Düşamp da onların arasında idi. Düşamp nə etdi? Evlərinin yaxınlığında məişət əşyaları satılan dükandan bir unitaz aldı, üstünə öz imzasını çəkib sərgiyə yolladı. "Əsərinin” də adını "Bulaq” qoydu. Əllərinə keçən, gözlərinə görünən hər şeydə fikir, düşüncə axtaran sərgi sahibləri, əlbəttə, belə bir şey gözləmədiklərindən Düşampın unitazını sənət əsəri kimi qəbul etmədilər. Düşamp lap ağ eləmişdi!    
Düşamp səy deyildi, o deyirdi ki, sənət beyinin bizim iradəmizə sifariş verdiyi məhsullardır. Beyin hansı tablonu görmək istəyirsə, rəssama onu çəkdirir, hansı romanı oxumaq istəyirsə, yazıçıya o romanı yazdırır, hansı melodiyaya qulaq asmaq istəyirsə, bəstəkara onu bəstələtdirir. Sənətçi öz beyninin qulluqçusudur. "Mən beynimə öz iradəmin əsərini təqdim edirəm, bu unitazdır!” Düşamp və tərəfdarları iddia edirdilər ki, faydasızlığını elan etmiş hər bir şey sənət əsəridir. 

Fayda! Biz sənətdən fayda umuruq, bu düşüncə kommunist ideologiyadan yoluxub bizə. Kommunizm sənəti istismar edirdi, onunla kapitalizmin meyarları ilə davranırdı. Düşamp isə sənətdə nəinki fayda, hətta estetika və gözəllik anlayışını da inkar edir: "Bulaq” (unitaz) əsərimi sərgiyə göndərməklə məqsədim gözəlliyi, yaxud eybəcərliyi ilə diqqətimi çəkməyən bir obyekt seçmək idi. Yəni sənət əsəri deyib baxdığmda bir-birimizə dəxlimizin olmadığı bir şeyi tapmaq!” 

Sənət universaldır, onun öz müəllifinə və tamaşaçısına heç bir dəxli yoxdur, Düşampa görə. Biz olmasaq belə, sənət özü-özünü yaradacaq və yaşadacaq. Bayaqkı əsgər cəkmələrinin və dəbilqələrinin qələbəliyini təsvir edən fotolarda olduğu kimi. Düşamp, "Sənəti sənətçinin özündən başqa heç kim qiymətlədirə bilməz” deyəndə artıq biz tərəfdə sovet hökuməti qurulmuşdu və Kommunist partiyası bir ucdan sənətçilərə fəxri adlar paylayırdı. 
Fransız xalqı və münsiflər Düşampın "unitazını” sərgidən götürüb başına vurdular. Düşamp öldü. Amma ölümündən otuz il sonra onun "unitazı” "XX əsrin ən təsirli əsəri” seçildi. 

Demək istədiyim odur ki, mədəniyyət deyib içində eşələndiyimiz dəyərlər sistemi yaradıcı təxəyyülün üfüqlərini genişləndirməyin deyil, onu daha dar hədəflərə tuşlamağın tərəfdarıdır. Və bu mədəni narrativlər rəndələnməyə məruz qalmayınca, həyatımız elastikləşmək əvəzinə getdikcə daha da qabalaşacaq.