Xəbər lenti

Siyasət 18:15 27.05.2022

Müstəqilliyimizə görə 28 maya borcluyuq - Deputat

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir”.
 
Bunu Qaynarinfo-ya açıqlaçasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
O bildirib ki, 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirib:
 
"Azərbaycan Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və repressiyalara məruz qalırdı. Bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait yox idi, hətta xalqımızın qarşısına müxtəlif maneələr yaradılırdı. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti yarandı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir”. 

Deputat hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulub:
 
"Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd Bəy Ağaoğlu, Nəsib Bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi:
 
"Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”. 

Hikmət Babaoğlu vurğulayır ki, müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir:
 
"Təsadüfi deyil ki, Müstəqillik Günümüz də məhz Azərbaycan Xalq Çümhuriyyətinin yaranması tarixi, yəni 28 May 1918 ci il tarixindən hesablanır. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Hazırda əldə etdiyimiz tarixi zəfərimiz kontekstində bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə nəzər saldıqda çoxminillik dövətçilik tariximizdə AXC –nin necə mühüm bir həlqə təşkil etdiyini daha aydın görə bilirik. Azərbaycan prezidenti İlham Əliyevin bu gün aktual olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya – demarkasiya edilməsi məsələsini şərh edərkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətinə toxunması da əslində AXC sərhədlərinin müasir dövlətçilik ənənələrimizin mənəvi-siyasi əsaslarını təşkil etməsinə işarə idi”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->