Hindistan Baş naziri Narendra Modinin rəhbərlik etdiyi "Bharatiya Janata Partisi" (BJP) Qərbi Benqal əyalətində ilk dəfə hakimiyyətə gələrək ölkənin ən mühüm müxalifət qalalarından birini ələ keçirib.
Qaynarinfo xəbər verir ki, 15 ildir Mamata Banercinin rəhbərlik etdiyi "Trinamool Congress" tərəfindən idarə olunan əyalətdə BJP 294 yerlik parlamentdə 205 mandat qazanıb. Bu nəticələrlə birlikdə BJP ölkə üzrə 28 əyalətin 21-də idarəetməni əlində saxlayır.
Lakin seçki nəticələri ilə bağlı "müdaxilə" iddiaları da gündəmdədir. Seçki öncəsi təxminən 2.7 milyon seçicinin siyahılardan çıxarılması və bu prosesin xüsusilə müsəlman azlıqlara qeyri-mütənasib təsir göstərməsi müxalifətin sərt reaksiyasına səbəb olub.
Təhlillərə görə, siyahılardan çıxarılan seçicilərin ümumi səsvermənin təxminən 4.3 faizinə bərabər olduğu və bu rəqəmin seçki nəticəsindəki səs fərqinə yaxın olduğu bildirilir.
Digər tərəfdən, BJP ölkə tarixində görünməmiş miqyasda siyasi güc əldə etsə də, seçki proseslərinə dair manipulyasiya iddiaları, müxalifətə qarşı sistematik təzyiq ittihamları və xüsusilə müsəlmanlar daxil olmaqla azlıqlara yönəlik ayrı-seçkilik iddiaları Hindistanda siyasi qütbləşməni daha da dərinləşdirir.
Aydın
Şərhlər