Nail Zeynalov ürəkağrıdan faktdan yazdı: Futbolçumuz belə məhv edilib (FOTO)

Nail Zeynalov ürəkağrıdan faktdan yazdı: Futbolçumuz belə məhv edilib (FOTO)

Portuqaliyanın Kriştiano Ronaldo, Rikardo Quareşma kimi futbol ulduzları yetişdirmiş "Sportinq" klubu 2016-cı ildə B komandasına bir azərbaycanlı uşaq cəlb eləyir...

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyənin "Darıca Gəncəlbirliyi” Futbol Akademiyasının azərbaycanlı rəhbəri Nail Zeynalov Azərbaycanda və Türkiyədə gənc futbolçulara münasibətdən bəhs etdiyi bir yazıda qeyd edib.  


Nail Zeynalov

Nail Zeynalov daha sonra yazır: "Bir neçə ay sonra, həmin o komandaya türkiyəli bir futbolçu da qoşulur... Türkiyəli futbolçunun transferi ilə İtaliya mərkəzli peşəkar agentlik, azərbaycanlının işi ilə azərbaycanlı bir menecer məşğul olur... Məhz o menecerinin səhvindən azərbaycanlının müqaviləsinə onu transfer etmək istəyən klublar üçün 30 milyon avro kimi bir baryer qoyulur... Türkiyəlinin işi ilə məşğul olanlar uşaq oynasın deyə, maaşını da özləri verəcək qədər uzaqgörən insanlar... Azərbaycanlının meneceri isə uşağa 2.400 avro maaş yazdırıb, hər ay ailəsinə göndərmək adıyla o pulun 1500 avrosunu alıb cibinə qoyacaq qədər qəpik-quruş adamı... 

Türkiyəli futbolçunun işi ilə məşğul olan adamlar onun karyerasını planlayırlar, ciddi platformalarda portfoliolarına daxil eləyirlər... Azərbaycanlı uşağın özünə menecer deyən təmsilçisi isə maaşdan-maaşa belə bir futbolçusu olduğunu xatırlayır... Soruşsan, portfolio nədi? Haay? 

Türkiyəli futbolçu bu il 18 milyon avroya İtaliya nəhəngi "Yuventus"a transfer olunur... Türkiyə millisinin üzvü Merih Demiral...


Merih Demiral

Azərbaycanlı futbolçu? Adı Budaq Nəsirov...

Budaq Nəsirovla Merih Demiralın müqayisəsi yersiz olardı. Ən azından mövqelərinə görə. Sadəcə, hər ikisi eyni ildə Portuqaliyaya çağırılmışdılar, eyni komandada birlikdə saysız-hesabsız oyunlara çıxıblar, ötürmə verib, ötürmə alıblar...

Budaq Nəsirov "Turan"ın yetirməsidi, orda işlədiyim vaxtlardan, uşaqlığından tanıyıram... Hələ 16 yaşında əsas komandaya cəlb eləmişdik. Əmin olun ki, bu gün karyerası çox uğurlu davam edən Merih Demiralla hələ də yerində sayan Budaq Nəsirov arasındakı uçurumun tək səbəbi birinin çox, digərinin az istedadlı olması deyil... 


Budaq Nəsirov

Budaq Nəsirovun yerində saymasının səbəbkarlarından biri də fərsiz meneceridi... Amma hələ hər şey itirilməyib... Və Budaq Nəsirov bundan sonra Rəsul Şükürsoyun rəhbərlik elədiyi, Türkiyə mərkəzli "Pelikan" agentliyi ilə əməkdaşlığa başlayır... Nələrin dəyişəcəyini birlikdə görəcəyik...

Yazını yekunlaşdırıram, amma söhbəti bağlamağa tələsməyək - futbol dünyası çox geridönüşlərə şahidlik eləyib...”

Qeyd edək ki, sözügedən azərbaycanlı menecer Vaqif Heydərlidir.


Budaq Nəsirov-Vaqif Heydərli
XƏBƏRLƏR
BLOGLAR